Komandalarımız heyətlərini gücləndirməkdə davam edir

Komandalarımız heyətlərini gücləndirməkdə davam edir

Qadınlardan ibarət voleybol komandalarımız heyətlərini gücləndirməkdə davam edir. Belə ki, "Azəryol” növbəti transferini rəsmiləşdirib. Bakı təmsilçisi İtaliya millisinin hücumçusu Çyara di Yulio ilə danışıqları müsbət yekunlaşdırıb. 28 yaşlı voleybolçu son mövsümün gümüş mükafatçısı ilə 1 illik müqaviləyə imza atıb.

Hazırda öz millisinin heyətində Qran-pridə çıxış edən 183 sm boya malik Yulio "Azəryol”a "Foppapedretti” klubundan transfer edilib.
Voleybolçunun karyerasına gəlincə isə o, "Marruviana” (1996-1999), "Tortoreto” (1999-2000), "Montesilvano” (2000-2001), "Viçentsa” (2001), "Padova” (2001-2003), "Peruca” (2003-2006), "Skavolini” (2006-2007), "Forli” (2007-2008), "Nosera Umbra” (2008-2009) və "Urbino” (2009-2011) klublarının şərəfini qoruyub.
O, çıxış etdiyi klublarla birlikdə İtaliya çempionu, ölkə kuboku (hər ikisi 2005), liqa kuboku (2006) və ölkə Superkubokunun (2006, 2011) qalibi adını qazanıb. Çempionlar Liqasının (2006) və CEV kubokunun (2005, 2011) qızıl mükafatını qazanan oyunçu 2011-ci ildə CEV kubokunun ən dəyərli voleybolçusu adına layiq görülülüb.
2010-cu ildən əsas yığmasına çağırılan hücumçu komandası ilə birlikdə 2 dəfə Aralıq Dənizi Oyunlarının qalibi olub. O, Qran-priyədək 26 matçda İtaliya yığmasının heyətində meydana çıxıb.
Qeyd edək ki, "Azəryol” buna qədər Manon Flierlə yollarını ayırıb. Klub rəhbərliyi 29 yaşlı legionerlə müqavilənin müddətini artırmaq istəməyib. Bununla da, komanda heyətində yer alan Hollandiya yığmasının hər 3 voleybolçusu ilə yollarını ayırıb. Xatırladaq ki, "Azəryol” Flierdən əvvəl Debbi Stam və Karolina Vensinkinlə müqavilənin müddətini artırmaqdan imtina etmişdi. Bakılılar hollandiyalarla yanaşı, Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və İndre Sorokayte (Litva/İtaliya) ilə də müqavilənin vaxtını uzatmaqdan imtina ediblər. Əvəzində isə, bu komanda ABŞ millisinin voleybolçusu Tom Loqanla müqavilə imzalayıb. 32 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. O, Bakı klubuna Braziliyanın "Unilever” klubundan transfer edilib. Loqan buna qədər "Stanford University” (1999-2002, ABŞ), "Minas” (2003), "Cesi” (2003-2004), "Çyieri” (2004-2005), "Novara” (2009-2010, hamısı İtaliya), "Volero” (2005-2006, İsveçrə), "Tenerife” (2006-2007, İspaniya), "Quançjou Everqrand” (2010-2011, Çin) və "Fənərbağça” (2010-2012, Türkiyə) klublarının heyətində çıxış edib. Yer aldığı bütün klublarda medal qazanan Tom avrokubokların da müxtəlif əyarlı medallarına layiq görülüb. 2012-ci ildə isə o "Fənərbağça” klubu ilə Bakıda Çempionlar Liqasının qızıl medalını qazanıb. O, yığmasının heyətində də kifayət qədər titula yiyələnib. 2000-ci ildən əsas komandada çıxış edən Tom dünya Qran-Prisinin 4 dəfə qızıl (2001, 2010, 2011, 2012), 2 dəfə bürünc medalına (2003, 2004) sahib çıxıb. Pekin və London Olimpiadasının finalında qüvvəsini sınayan voleybolçu 2002-ci ildə dünya çempionatının gümüş medallarına yiyələnib. Loqan həmçinin Dünya kubokunun 1 gümüş (2011) və 2 bürünc (2003, 2007) medalına da yiyələnib. O, titul qazandığı yarışlarda dəfələrlə ən yaxşı voleybolçular arasında yer alıb. Qeyd edək ki,”Azəryol” Oksana Porxomenko, Kseniya Kovelenko və Valeriya Korotenko ilə müqavilənin müddətini artırıb.
"İqtisadçı” klubu da hazırlıqlarını davam etdirir. Paytaxt təmsilçisi yeni voleybolçuların keçidini həll edib. Çempionlar Liqasında debüt edəcək paytaxt təmsilçisi Kiuyue Vey və Ma Yun Venin ardından Li Çanqı da heyətə cəlb edib. Ötən mövsümü "Şanxay”da mübarizə aparan 28 yaşlı hücumçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.
2009-cu ildən əsas millisinə çağırılan Çanq burada 100-ə yaxın matça çıxıb və Asiya oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2010) qalibi adını qazanıb. 181 sm boya malik diaqonal voleybolçu, həmçinin Asiya kubokunun (2012) gümüş, dünya çempionatının (2011) bürünc mükafatçısıdır.
Qeyd edək ki, "tələbələr” buna qədər ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə imzalayıb. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna əvvəllər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan bu voleybolçu bu il həmin yarışın qalibi olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika Oyunlarında komanda ilə birlikdə bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb.”İqtisadçı” klubu Çin millisinin oyunçusu Vey Kiuyue ilə razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib. 182 sm boya malik toppaylayıcı "Tianjin”la 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, Çin çempionatında gümüş medal da qazanıb.
2006-cı ildə əsas milliyə dəvət alan voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2008, 2010) qalibi olub. Çinli oyunçu qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin 1 gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medallarına yiyələnib.
Bakı təmsilçisi Çin millisinin orta sahə oyunçusu Yun Ven Manı da heyətinə cəlb edib.
189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, "İqtisadçı”ya "Şanxay” klubundan transfer edilib. Ma 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub. 2005-ci ildən əsas yığmaya çağırılan bu voleybolçu burada 189 oyunda qüvvəsini sınayıb. Millisi ilə o, 2 dəfə Asiya kuboku (2008, 2010), 2 dəfə Asiya çempionatı (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. Yun Ven, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya Kubokunun üçüncüsü olub. "İqtisadçı” Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının sabiq oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb. Belə ki, Flier Azərbaycan voleybolsevərlərinə yaxşı tanışdır. Ötən il "Azəryol”da ("Azərreyl”) oynayan 29 yaşlı legioner Rusiya "Omiçka”sına keçməyə yaxın olsa da, son anda fikrini dəyişərək ölkəmizdə qalıb. Serena isə "İqtisadçı”ya Polşanın "Bank Fakro” klubundan transfer olunub. 32 yaşlı toppaylayıcı 1998-ci ildə Avropa çempionu olub. O, həmçinin Polşa çempionluğunu, ölkə və CEV kubokunu qazanıb.