Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) İcraiyyə Komitəsi 2021-ci ilin fevralında Cənubi Koreyanın Busan şəhərində keçirilməsi planlaşdırılan komandalar arasında dünya çempionatını ləğv edib.
Ölkənin tibb orqanları koronavirus infeksiyası səbəbindən təşkilatçılara yaxın aylarda bütün böyük yarışların təxirə salınmasını tövsiyə edib. Belə ki, pandemiya ilə əlaqədar ITTF stolüstü tennis üzrə komandalar arasında dünya çempionatının tarixini üç dəfə nəzərdən keçirmək məcburiyyətində qalıb. Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilin yayına təxirə salınması səbəbindən təqvimdə bu yarışın vaxtının dördüncü dəfə dəyişdirilməsi imkanı olmadığı üçün İkinci Dünya müharibəsindən sonra ilk dəfə ITTF nüfuzlu turnirlərdən birini ləğv edib.
Təşkilat yarışın böyük ehtimalla Tokio Olimpiadasından sonra baş tutacağını qeyd edib. Yekun qərar yanvarda qəbul olunacaq.