“Xarı bülbül” adlı beynəlxalq turnirin qalibi müəyyənləşdi

“Xarı bülbül” adlı beynəlxalq turnirin qalibi müəyyənləşdi

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “Counter Strike: Global Offensive” oyunu üzrə “Xarı bülbül” adlı beynəlxalq turnirinə yekun vurulub.
Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Özbəkistan təmsilçiləri də iştirak edib. Turnirdə hər ölkə iki komanda ilə təmsil olunub. Bu turnirə həmin ölkələrin milli seçmə turnirlərinin qalibləri qatılıb.
Finalda Gürcüstanın “Protos” kollektivi və Azərbaycanın “Alinja Tower” komandası qarşılaşıb. Görüş 2:0 hesabı ilə Gürcüstan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Üçüncü yer uğrunda görüşdə “BAZA.GG” kollektivi “Ukraine Team”i eyni hesabla üstələyib.
Beləliklə, Gürcüstanın “Protos” komandası “Xarı Bülbül” beynəlxalq turnirin qalibi olub.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.