Azərbaycan Cüdo Federasiyası (ACF) 2020-ci ilin hesabatını təqdim edib. Federasiyanın rəsmi saytında yer alan açıqlamada cüdo tədbirləri sarıdan zənginliyin vəd olunmasına baxmayaraq, bu il COVID-19 pandemiyası səbəbindən bir çox yarışın ləğv edildiyi və ya təxirə salındığı xatırladılıb. Hətta dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunlarının belə növbəti ilə keçirildiyi vurğulanıb.
O da qeyd edilib ki, pandemiya ACF-in fəaliyyətindən də təsirsiz ötüşməyib. Federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edilib, bir neçə Qran-Pri, "Böyük Dəbilqə" yarışı təxirə salınıb və ümumiyyətlə keçirilməyib.
2020-ci ildə Azərbaycan cüdoçuları üçün ən uğurlu hadisə Çexiyada təşkil edilmiş Avropa çempionatında baş verib. Yığma üzvləri bu yarışda 5 medal qazanıblar. Orxan Səfərov (66 kq) bütün rəqiblərinə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb. Qadınların yarışında İrina Kindzerska (+78 kq) yalnız finalda uduzaraq qitə çempionatının gümüş medalına layiq görülüb. Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Rüstəm Orucov (73 kq) Avropa çempionatında bürünc medala sahib olub. Orucov bu yarışdan iki həftə öncə Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən nüfuzlu Böyük Dəbilqədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, hazırda öz çəkisində də dünya reytinq cədvəlinə başçılıq edir.
Ümumilikdə isə Azərbaycan cüdoçuları 2020-ci ildə 9 beynəlxalq yarışda iştirak edərək, 37 medal (5 qızıl, 13 gümüş, 19 bürünc) qazanıblar.
Mart ayından bir çox ölkədə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edilib. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, idman yarışlarının da keçirilməsi, o cümlədən, idman zallarında məşqlər qadağan edilib. Buna baxmayaraq, sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olunub.
ACF də bunu nəzərə alaraq, bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahatlığı üçün peşəkar cüdoçular və məşqçilər vaxtaşırı maarifləndirci video-çarxlar da çəkərək, ölkə televiziyalarında yayımlayıb, sosial şəbəkə hesablarında paylaşıb.
Karantində idman zalları bağlı olsa da, cüdoçular məşqlərini evdə və açıq havada davam etdirib. Məşqçilər və mütəxəssislər isə daim onları nəzarətdə saxlayaraq, hazırlıq prosesləri zamanı fiziki formalarını qorumaları üçün müntəzəm məsləhətlər veriblər. Karantin günlərinin davam etdiyi dövrdə cüdo hakimləri üçün onlayn seminarlar da təşkil edilib.
ACF bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. İlin əvvəllərində yerli hakim və məşqçilər üçün seminarlar təşkil edilib. Bundan başqa, Azərbaycanın beynəlxalq hakimləri ilin əvvəlində beynəlxalq yarışlara ezam olunub və onlar Avropa dərəcələrini artırıblar. Regionlarda da cüdo mərkəzləri və bölmələrinin fəaliyyəti diqqətdə saxlanılıb. Son vaxtlar respublika miqyaslı yarışlarda region cüdoçularının qazandıqları nəticələr bu sahədə işlərin düzgün qurulmasından xəbər verir. Vətən Müharibəsində Azərbaycan cüdo
ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.
44 günlük Vətən Müharibəsində iştirak edən yüzdən çox cüdoçudan 18-i şəhidlik zirvəsinə yüksəlib. Ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlər torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Şəhid cüdoçu Cəbrayıl Dövlətzadə İdman Araşdırmaları Mərkəzinin keçirdiyi "İlin qalibləri - 2020" layihəsində İLİN DÖYÜŞKƏN İDMANÇISI nominasiyasında 1-ci olub.
İLİN DÖYÜŞKƏN İDMAN QURUMU nominasiyasının qalibi isə orduya maddi və mənəvi dəstəyə görə ACF seçilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ilin yekunları ilə bağlı keçirdiyi sorğunun yekunlarına əsasən cüdoçular Orxan Səfərov kişilər, İrina Kindzerska isə qadınlar arasında "İlin idmançısı" adına layiq görülüb.
Yanvardan başlayaraq 2021-ci ildə də Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlar, Avropa və dünya çempionatları, Olimpiya Oyunlarında mübarizə aparacaqlar. Federasiya inanır ki, tatami ustaları bu yarışlarda da parlaq qələbələr qazanaraq, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıracaqlar.