Yeniyetmə güləşçilər «Gənc Olimpiyaçılar» turnirində qüvvəsini sınayırlar

Yeniyetmə güləşçilər «Gənc Olimpiyaçılar» turnirində qüvvəsini sınayırlar

Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında azyaşlı yeniyetmələr (1999-2000-ci illər təvəllüdlü) arasında sərbəst və yunan-Roma güləşi üzrə «Gənc Olimpiyaçılar» yarışı start götürüb.
4 gün davam edəcək yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparır. İki qrupa üzrə keçirilən yarışların A qrupunda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən 6 saylı UGİM, «Xosrov Cəfərov», «Müşviqabad», MOİK və «Həyat» komandaları yarışırlar.

«Azəri», «Nardaran», «Bakı» və «Xəzri» güləş klubları isə B qrupunda iştirak edirlər. Komanda xarakteri daşıyan yarışlar FİLA-nın mövcud qaydalarına əsasən, 10 çəki dərəcəsi üzrə keçirilir. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, habelə klub məşqçilərinin işinin qiymətləndirilməsidir.
Yarışın proqramına əsasən, avqustun 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.
Turnirdə ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.