Beynəlxalq Olimpiya Komitəsi (BOK) güləşi Olimpiya proqramından çıxarmağı tövsiyə etmişdir

Beynəlxalq Olimpiya Komitəsi (BOK) güləşi Olimpiya proqramından çıxarmağı tövsiyə etmişdir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi idman güləşini Olimpiya proqramından çıxarmağı tövsiyə etmişdir. Bu qalmaqallı qərar qəbul edilərkən əsas götürülmüş meyarlardan biri 2012-ci ildə London Olimpiadasında güləş yarışlarının televiziya reytinqlərinin aşağı və həmin yarışlara baxmağa gələn tamaşaçıların sayının az olmasıdır. Xarici KİV-lər BOK-un bu faktı təsdiq edən sənədlərinə istinad edirlər.

Qalmaqallı qərar 2012-ci ildə London Olimpiya Oyunlarında təmsil olunmuş 26 idman növünün hər birinin ətraflı müzakirəsinin yekunlarına əsasən qəbul edilmişdir. Müzakirələr BOK-un Olimpiya Proqramı Komissiyasının hesabatı əsasında aparılmışdır. Hesabatda 39 meyar, o cümlədən idman növlərinin hər birinin televiziya reytinqləri, müvafiq yarışlara satılmış biletlərin sayı, dopinqlə mübarizə və həmin idman növünün dünyada populyarlığı kimi göstəricilər təhlil olunmuşdur. Məruzədə reytinqlər və ya tövsiyələr göstərilmir, yalnız faktiki məlumatlar verilir.
BOK İcraiyyə Komitəsi üzvlərinin mütləq əksəriyyəti güləşin 2020-ci il Olimpiadasının proqramından çıxarılması barədə tövsiyənin lehinə olduğunu bildirmişdir. Dörd raunddan ibarət olan gizli səsvermədə İcraiyyə Komitəsinin 14 üzvü iştirak etmişdir. Final raundunda güləş, beşnövçülük və otüstü hokkey idman növləri barədə müzakirələr aparılmışdır. Güləşin Olimpiya proqramından çıxarılmasının lehinə 8 nəfər, beşnövçülük və otüstü hokkey barədə müvafiq təkliflərin hər birinə üç nəfər səs vermişdir.
Bu qərarın səbəbləri rəsmən elan edilməmişdir, lakin BOK-un sənədləri bu suala qismən cavab verir. Belə ki, idman güləşi bir neçə texniki meyar üzrə aşağı qiymət almışdır. Məsələn, 2012-ci il London Yay Olimpiya Oyunlarında bu yarışlara gələn tamaşaçıların sayı 10 ballıq şkala üzrə beş bala layiq görülmüşdür. London Olimpiadasında bu yarışlar üçün ayrılmış 116.854 biletdən yalnız 113.851-i satılmışdır. Güləş yarışlarının televiziya translyasiyalarına ən çoxu 58,5 milyon tamaşaçı, orta hesabla 23 milyon tamaşaçı baxmışdır. Bu yarışların internetdə və mətbuatda işıqlandırılma göstəriciləri də aşağı olmuşdur.
Güləşin zərərinə olan faktlardan biri də bundan ibarətdir ki, Beynəlxalq Birləşmiş Güləş Stilləri Federasiyasının (FİLA) mühüm qərarlar qəbul edən orqanlarına fəaliyyətdə olan idmançılar, İcraiyyə Komitəsinə isə tibb işçiləri daxil deyildir. Bundan əlavə, qadın güləşi üzrə komissiya, hakimlər və xidmət heyəti üçün davranış qaydaları da yoxdur. Qeyd olunmalıdır ki, FİLA-nın tərkibinə 177 federasiya daxildir.
Müasir beşnövçülük də London Olimpiadasında yarışlara gələn tamaşaçıların sayı və televiziya reytinqləri göstəriciləri üzrə aşağı qiymət almışdır. Bu yarışlarda tamaşaçıların maksimum sayı 33,5 milyon, orta hesabla 12,5 milyon nəfər olmuşdur. Lakin digər parametrlər üzrə qiymətləndirmələr müasir beşnövçülüyü Olimpiya proqramında saxlamağa imkan vermişdir. Beynəlxalq Müasir Beşnövçülük İttifaqına 108 federasiya daxildir.
Olimpiya proqramına daxil edilməyə namizəd kimi 8 idman növündən söhbət gedir. Bu idman növlərindən hansının proqrama salınması barədə qərar BOK-un İcraiyyə Komitəsinin cari ilin may ayında Sankt-Peterburqda (Rusiya) keçiriləcək iclasında qəbul ediləcəkdir. Namizəd növlər arasında idman güləşi, beysbol/softbol, qayayadırmanma, karate, roller idmanı, skvoş, veykbordinq və uşu yer almışdır.
Onu da qeyd edək ki, hələ bizim eradan əvvəl 708-ci ildə antik Olimpiya oyunlarının proqramına daxil edilmiş ilk idman növlərindən olan idman güləşi və beşnövçülük Olimpiya oyunlarına rəngarənglik gətirmişdir. Bundan əlavə, 1896-cı ildə baron Pyer de Kubertenin təşəbbüsü ilə Afinada keçirilmiş birinci müasir Olimpiya oyunlarından başlayaraq, güləş Olimpiya idman növləri sırasına daxil edilmişdir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü 2020-ci ilin Yay Olimpiya Oyunlarından çıxarması barədə mətbuatda yayılmış məlumatlarla bağlı Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərovun fikirlərini öyrəndik. Baş katib BOK tərəfindən belə bir qərarın hələ qətiləşmədiyini bildirdi:
"Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüb və narazılıqla qarşılanıb. Ancaq bütün güləş ictimaiyyətinə, həmçinin güləş həvəskarlarına bildirmək istəyirəm ki, bu, sadəcə, bir təşəbbüsdür. Belə bir təşəbbüs hələ Afina Yay Olimpiya Oyunlarından sonra da gündəmə gəlmişdi. Ancaq sonda verilən qərar güləşin lehinə olmuşdu. İnanır və ümid edirik ki, bu dəfə də belə olacaq və bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya oyunlarından kənarda qalmayacaq".
İrəli sürülən bu təşəbbüslə bağlı may ayında Sankt-Peterburqda baş tutacaq BOK İcraiyyə Komitəsinin iclasında 8 idman növünün təqdimatının olacağını deyən Əjdər Cəfərov yekun qərarın sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək BOK-un hesabat-seçki konfransında veriləcəyini dedi.