Serbiyanın Zrenyanin şəhərində yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirilir.Yarışların ikinci günü yunan-Roma növü üzrə 5 medal dəst oynanılıb. Güləşçimiz Seymur Hüseynov (42 kq) 3-cü gedişdə məğlubiyətə uğrayaraq 7-ci yeri tutub. Digər idmançımız Kənan Cəfərov (46 kq) 4 döyüşdən 3-də qalib gələrək yarışın bürünc mükafatçısı olub.
Mehrac Kərimov (69 kq) isə ikinci gedişdə amerikalıya məğlub olaraq oyundan kənarda qalıb.
76 kq çəkidə güləşçilərin yarışında İslam Abbasov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. İdmançımız
Soslan Fanziyev də (85 kq) analoji nəticə ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində öz yerini alıb.
Qeyd edək ki, yarışların birinci günü Mikayıl Rəhmanov (50 kq) yunan-Roma növündə Azərbaycana ilk qızıl medalı qazandırmışdı. Çempionatda 50 kiloqram çəki dərəcəsində yarışan Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası, Bolqarıstan, Rusiya və Özbəkistan güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək dünya çempionu adını qazanıb.