Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (1999-2000-ci il təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar” yarışı davam edir. 9 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə sərbəst güləşçilər qüvvələrini sınayıblar. Komanda xarakteri daşıyan yarışda 3-4-cü yer uğrunda "Xosrov Cəfərov” və "Xəzri” güləş komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda rəqibini 23:22 hesabı ilə məğlub edən "Xosrov Cəfərov” adına idman kklubunun təmsilçiləri bürünc medala sahib çıxıblar.Turnirin final qarşılaşmasında isə MOİK və "Azəri” komandaları birincilik uğrunda mübarizə aparıblar. Yekunda rəqibinə 24:22 hesabı ilə qalib gələn "Azəri” komandası fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
Turnirdə ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Yarışın proqramına əsasən, avqustun 22-23-də isə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar.