Gimnastlarımız ilk medalları Estoniyada qazanıblar

Gimnastlarımız ilk medalları Estoniyada qazanıblar

Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə beynəlxalq "Miss Valentina" turniri keçirilib. Yarışda Azərbaycan gimnastları da bacarıqlarını nümayiş etdiriblər.
Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Aleksandra Platonova, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət yeniyetmələrin qrup komandası beş halqa ilə hərəkətlərin icrasına görə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Perspektivli gimnastımız Ayşə Mustafayeva halqa və lentlə çıxışına görə qızıl medal qazanıb. Mənsurə Bağıyeva isə lentlə ikinci, halqa ilə üçüncü yeri tutub. Lalə Yusifova və Marina Durunda bürünc medala sahib çıxıb.
Yarışda çıxış edən 2000-ci il təvəllüdlü Jalə Piriyeva halqa, top və gürzlərlə çıxışına görə birinci, lentlə isə üçüncü olub. Digər gimnastımız Züleyxa İsmayılova halqa və lentlə gümüş medala sahib çıxıb. Beynəlxalq arenada ilk dəfə çıxış edən Veronika Ömərova isə halqa ilə qızıl, topla bürünc medal qazanıb.