Şəkidə beynəlxalq skaut düşərgəsi təşkil edilib

Şəkidə beynəlxalq skaut düşərgəsi təşkil edilib

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəkidə beynəlxalq skaut düşərgəsi təşkil edilib.
"Şam bağı” ərazisindəki səfalı guşədə, təbiətin qoynunda təşkil olunan düşərgədə respublikamızın, eləcə də Ukrayna, Moldova, Gürcüstan, Polşa və digər dövlətlərin milli skaut təşkilatlarını təmsil edən 120 nəfər gənc istirahət edir. Bir həftə davam edəcək istirahətdə skautlar qeyri-adi vəziyyətdən çıxış üsulları, dağa dırmanma, fiziki hazırlıqla bağlı təlimlər keçəcək, yaralılara ilkin tibbi yardım göstərmək qaydalarını öyrənəcəklər. Qruplar halında xüsusi skaut çadırlarında yerləşən gənclər, eyni zamanda, rayonun görməli yerlərini gəzəcək, tarixi yerlərinə səyahət edəcəklər.
1997-ci ildə təsis olunan Azərbaycan Skautlar Assosiasiyasının əsas məqsədi vətənpərvər gənclərin formalaşmasına kömək göstərmək, sağlam həyat tərzinə, gənclərin ahəngdar inkişafına, onların xarici ölkə gəncləri ilə əlaqələrinin qurulmasına nail olmaqdır.