Gəncədə Vətən müharibəsinin iştirakçısı ilə görüş olub

Gəncədə Vətən müharibəsinin iştirakçısı ilə görüş olub

Vətən müharibəsinin iştirakçısı, WKF karate üzrə idmançı Əli Ceyhun Allahverdizadə həqiqi hərbi xidmətini başa vuraraq öz doğma şəhərinə qayıdıb və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə nəzakət görüşünə gəlib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, görüşdə Baş İdarənin rəisi Həmid Nəsirov, idarənin əməkdaşları, Vətən müharibəsi iştirakçısı Əli Allahverdizadə və WKF karate idman növü üzrə məşqçi-müəllim Ziya Namazov iştirak edib.
Vətən müharibəsi iştirakçısı olan Əli Allahverdizadə görüş zamanı döyüşlərdə yüksək əhval-ruhiyyə ilə iştirak etdiklərini, hər gün qələbə qazanaraq necə irəli gedərək düşməndən işğal altında olan torpaqlarımızı azad etməklərindən söhbət açıb. O, Vətənin hər bir qarışı uğrunda   bütün döyüş yoldaşlarının canlarından belə keçməyə hər an qorxmadan hazır olduqlarını və qələbəyə gedən yolda bir an belə olsun geri çəkilmədən irəliləyərək, sonda qalib gəlməklərindən danışıb.
Baş İdarə rəisi Həmid Nəsirov görüş zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsinin  şanlı qələbə ilə sona çatmasından, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etməsindən və ordumuzun böyük zəfərə imza atmasından bəhs edib.
Qeyd edək, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əli Allahverdizadə Füzulinin, Qubadlının və Şuşanın azad olunmasına görə medallarla təltif olunub.
Qeyd edək ki, Əli idmançıdır və WKF Karate idman növü ilə məşğuldur. O, 2015-ci ildə Respublika çempionatında 57 kq çəki dərəcəsində  1-ci yeri, həmin ildə Baku Open turnirində 2-ci yeri, 2018-ci ildə Arpaçay turnirində 68 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur.