Serbiyanın Zrenyanin şəhərində keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.
Yarışların dördüncü günündə çəkisi 40 kq, 46 kq, 52 kq, 60 kq və 70 kq olan yeniyetmə qızlar mübarizə aparıb. Olimpnews.az xəbər verir ki, çəkisi 52 kq olan idmançıların yarışında ölkəmizi təmsil edən Ləman Qurbanova komandamıza bürünc medal qazandırıb. Digər güləşçilərimiz Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq) və Leyla Qurbanova (49 kq) çempionatda uğursuz çıxış edərək turniri medalsız başa vurublar.
Sərbəst güləşçilərimiz avqustun 24-25-də mübarizəyə qoşulublar. Əvvəlcə döşək üzərinə 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq çəkidə yarışan idmançılar çıxıblar. Pəhləvanlarımız günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Təmsilçilərimizdən Abdulmuslim Muxuddinov (69 kq) qızıl, Mahir Əmiraslanov (50 kq) gümüş, Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) bürünc medala sahib olublar.
Çempionatın son günündə isə çəkisi 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq olan idmançılar döşək üzərinə çıxıblar. Bu dəfə təmsilçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar. Komandamıza gümüş medalı 46 kq çəki dərəcəsində yarışan Fazil Həsənov qazandırıb. Teymur Məmmədov (63 kq) və Turxan Qurbanov (100 kq) isə bürünc medalla kifayətləniblər. Fərrux Əliyev (42 kq), Nemətdin Rəhmanov (54 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (76 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.
Ümumilikdə, 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş üzrə komandamız 66 xalla komanda hesabında dünya ikincisi olub. İlk sıranı 85 xala malik olan Rusiya, üçüncü yeri isə 56 xalla İran komandası tutub.