Milli Olimpiya Komitəsində WAKO prezidenti ilə görüş olub

Milli Olimpiya Komitəsində WAKO prezidenti ilə görüş olub

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda səfərdə olan Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker ilə görüşüb.

Görüşdə Ç.Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu vurğulayıb. O, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, dövlətimizin başçısı İlham Əliyevin qeyri-Olimpiya idman növlərinin inkişafına da diqqət göstərilməsini vacib hesab etdiyini bildirib. “Azərbaycan Milli Olimpiya Komitəsi qeyri-Olimpiya idman növlərinin təbliği istiqamətində fəaliyyət göstərməkdə maraqlıdır”, - deyən Ç.Hüseynzadə MOK-un Prezidenti İlham Əliyevin yüksək nailiyyətlər qazanan idmançıları və idman mütəxəssisləri xüsusi mükafatlarla təltif etdiyini də xatırladıb. O bildirib ki, həmin idmançılar arasında xeyli sayda kikboksçu da var. Biz kikboksinqin Olimpiya Oyunlarının proqramına salınmasını istərdik. Çünki ölkəmizdə idmanın inkişafına töhfə verən atletlər arasında kikboksçular da var.

Karatenin Tokio Olimpiadasının proqramına salınmasından danışan vitse-prezident deyib: “İlk dəfədir ki, karate Olimpiya Oyunlarının proqramına salınıb. Bu, bizi sevindirir. Çünki Olimpiya Oyunlarına lisenziyanı təmin edən və dünya

miqyasında tanınan karateçilərimiz Tokioya medal qazanmaq üçün yollanacaqlar”.

Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O, təmsil etdiyi idman növünün idman fəlsəfəsinə yenilik qatdığını da bildirib: “Kikboksinq yıxılmağı və ayağa qalxmağı öyrədir. İdmanın bu növündə qələbə qədər məğlubiyyətdən sonra da davam etməyin mümkünlüyü təlqin olunur”.

Kikboksinqin gənc nəslin marağına səbəb olduğunu bildirən Roy Bayker vurğulayıb ki, bu, idman növü qadınlar arasında da populyardır. Əgər karatedə qadınların iştirakı 27, boksda cəmi 12 faizdirsə, kikboksinqdə bu göstərici 34 faizə çatır. Bu da bizi sevindirir. İldə kikboksinq üzrə 1300 tədbir keçirilir. Dünyada kikboksinqlə məşğul olan insanların sayı 5,2 milyona çatır.

Sonunda Çingiz Hüseynzadə WAKO prezidentinə MOK-un xatirə hədiyyələrini təqdim edib.

Milli Olimpiya Komitəsində WAKO prezidenti ilə görüş olub