Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin atletika üzrə zona mərhələsi keçirilib.
Əvvəlcə rəsmi qonaqlar Gəncə Şəhər Şəhidlər Xiyabanını ziyarət edib, Memorial Kompleksin və Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri düzüblər.
Gəncə Şəhər Mərkəzi Stadionunda keçirilən yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, həkim nəzarəti altında keçirilib. İlk olaraq zona mərhələsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək turnirin ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi üçün bu zona yarışının çox mühim əhəmiyyəti olacağını bildiriblər və yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıblar.
Qeyd edək ki, yarışda ilk iki yeri tutan Gəncə və Bərdə komandaları final mərhələsinə vəsiqə qazanıblar.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş atletika yarışı keçirilib