Sabah paytaxtımızda paracüdo üzrə Qran-Pri yarışına start veriləcək

Sabah paytaxtımızda paracüdo üzrə Qran-Pri yarışına start veriləcək

Sabah Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına start veriləcək. 2 gün davam edəcək “IBSA Judo Grand-Prix Baku 2021”də 38 ölkədən 200 idmançı qüvvəsini sınayacaq. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər olacaq. Turnirdə kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq).
Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız - Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) yarışacaqlar.
Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaqlar.