Mayın 25-də Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə start verilib. Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən yarışda Azərbaycanın ümumilikdə 18 idmançı təmsil edir. İlk gündə 6 çəki dərəcəsi üzrə 10 paracüdoçu tatami üzərinə çıxıb. Kişilərin yarışında Namiq Abbaslı finala vəsiqə qazanıb. 66 kq-da çıxış edən idmançı əvvəlcə Uçkun Karanbayevi (Özbəkistan), ardınca isə Əzəmət Turumbetov (Qazaxıstan) və Davud Xoravanı (Ukrayna) məğlub edən N.Abbaslı qızıl medal uğrunda özbəkistanlı Utkirjon Niqmatovla qarşılaşıb. Həlledici qarşılaşmada özbəkistanlı rəqibinə də qalib gələn idmançımız turnirin qızıl medalını qazanıb.
Komandamıza növbəti qızıl medalı isə qadınların yarışında mübarizə aparan Sevda Vəliyeva qazandırıb. 57 kq-dakı idmançı finalda Parvina Səməndərovadan (Özbəkistan) güclü olub. Bu çəkidə çıxış edən digər Azərbaycan paracüdoçusu Afaq Sultanova isə bürünc medal əldə edib. O, türkiyəli Zeynep Çelik üzərində qələbə qazanaraq, 3-cü yeri tutub.
52 kq çəki dərəcəsində mübarizə aparan Bəsti Səfərova isə 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Səbinə Abullayevaya qalib gələrək, bürünc medala sahib çıxıb.
Kişilərin mübarizəsində isə Vüqar Şirinli (60 kq) gürcüstanlı Zurab Zurabianini məğlub edərək, bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan paracüdoçuları yarışın ilk gününü 6 medalla başa vurublar.
Paracüdoçularımızdan Qran-prinin ilk gününü 6 medalla başa vurdular