Avropa Gimnastika İttifaqının prezidenti Bakıda Avropa çempionatı və Avropa Oyunları üçün arenanın vəziyyətindən razı qalmışdır

Avropa Gimnastika İttifaqının prezidenti Bakıda Avropa çempionatı və Avropa Oyunları üçün arenanın vəziyyətindən razı qalmışdır

Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek Bakıda Avropa çempionatı və Avropa oyunları üçün arena ilə tanış olduqdan sonra bu arenadan razı qaldığını bildirmişdir.

Bakıda səfərdə olan Gelzek demişdir: "Artıq üç gündür ki, Bakıdayam. Mənim buraya gəlişimin əsas məqsədi bədii gimnastika üzrə Avropa çempionatının, habelə Avropa oyunları çərçivəsində gimnastika, tramblinq və batut üzərində tullanma yarışlarının keçiriləcəyi arena ilə tanış olmaq idi. Biz Oyunların Təşkilat Komitəsinin nümayəndələri ilə görüşdük, Azərbaycan Milli Olimpiya Komitəsində, Gənclər və İdman Nazirliyində görüşlər keçirmişik”.
Onun sözlərinə görə, adətən, iri yarışlar zamanı müvafiq sahə üzrə ixtisaslaşdırılmamış zallar icarəyə götürülür.
Gelzek demişdir: "Burada isə hər şey məhz elə düşünülmüşdür ki, gimnastların işi rahat olsun. "Kənd” də çox yaxşı ərazidə, birbaşa zalın yanında yerləşir. Əminəm ki, Bakıdan sonra həm Avropa çempionatlarını, həm də Avropa Oyunlarını bu səviyyədə keçirmək çox çətin olacaqdır. Mən Avropa birincilikləri keçirilən dövrdə Azərbaycanda olmuşam, burada turnirin təşkil edilməsində hər dəfə müşahidə etdiyim irəliləyiş məni heyran edir”.
Avropa Gimnastika İttifaqının prezidenti etiraf etmişdir ki, İttifaq qarşıdakı oyunların proqramına daha iki qeyri-olimpiya növü - idman aerobikası və akrobatika yarışlarını daxil etmək istəyir, lakin bu barədə son sözü oyunların Təşkilat Komitəsi və Avropa Olimpiya Komitəsi deyəcəkdir. Gelzek onu da əlavə etmişdir ki, həmin yarışlarda iştirak edən idmançıların sayı 442 nəfərdən çox olmamalıdır.
Gələn il keçiriləcək Avropa çempionatı həm də Avropa Oyunları üçün lisenziya xarakteri daşıyacaqdır, Avropa Gimnastika İttifaqının prezidenti hesab edir ki, Azərbaycanda idman gimnastikası üzrə Avropa çempionatını da keçirmək olar. "İndiyə qədər Azərbaycan bədii gimnastika üzrə birinciliklərə ev sahibliyi etmişdir, lakin sizin ölkəniz Avropa idman birincilikləri üçün də sifariş verə bilər. Bundan ötrü sizdə hər cür şərait vardır”.