Təmsilçimiz gümüş medala layiq görülüb

Təmsilçimiz gümüş medala layiq görülüb

Belarusda gimnastika üzrə beynəlxalq "Şerbo kuboku” turniri keçirilib. Azərbaycan idmançılarının da iştirak etdiyi turnirdə 16 yaşlı gimnastımız Anton Yaşin tir üzərində yarışların finalında 12,8 bal toplayaraq turnirin gümüş medalına layiq görülüb.

Turnirin qalibi isə təcrübəli belaruslu gimnast, Olimpiya oyunlarının iştirakçısı Dmitri Barkalov olub. Çoxnövçülükdə çıxış edən digər təmsilçimiz Kamran Hacıyev (1998-ci il təvəllüdlü) 68,4 bal nəticə göstərərək 37 iştirakçı arasında 12-ci yerə layiq görülüb.
Yeniyetmə gimnastların çıxışları məşqçilər tərəfindən qənaətbəxş hesab edilib. Bununla belə, onların fikrincə 2014-cü il Avropa çempionatında uğurlu iştirak etmək və Çində yeniyetmələr arasında keçiriləcək II Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanmaq üçün bu nəticələr kifayət etmir.
Senyor gimnastlarımız isə sentyabr və oktyabr aylarında təşkil olunacaq dünya çempionatına hazırlığı davam etdirirlər.