İdmanda əldə olunan nailiyyətlər dövlət müstəqilliyimizin bəhrəsidir

İdmanda əldə olunan nailiyyətlər dövlət müstəqilliyimizin bəhrəsidir

Danılmaz həqiqətdir ki, ümummilli lider Heydər Əliyev həm özünün nadir siyasi isdedadı sayəsində,həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkətin, onun bugünkü həqiqətinin, sabahkı gününün etibarlı bünövrəsini qoyumuşdır. Dövlət müstəqilliyimizin bu etibarlı təməl üzərində əldə etdiyi nailiyyətlər az deyildir və bu nailiyyətlər içərisində beynəlxalq idman yarışlarında əldə olunan nailiyyətlər çox qiymətlidir. Bu nailiyyətlərin qiyməti, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən deyil, həm də müstəqil dövlətimizi dünyada tanıtmaqdan ibarətdir.
Dünya şöhrətli dahi siyasətçi Heydər Əliyev 30 dekabr 1995 - ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş Azərbaycan idmançıları və məşqçiləri ilə Prezident Sarayında görüşü zamanı demişdir: "Azərbaycan bayrağı dünyada rəsmən adətən iki dəfə - bir dəfə Azərbaycan dövlətinin başçısı hər hansı ölkəyə səfər edəndə, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən qaldırılır, Azərbaycanımızın himni çalınır”.
Bu baxımdan, bir çox mühüm sahələrdə olduğu kimi, idman sahəsində əldə edilən nailiyyətlərimiz də böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilir. Azərbaycan idmanının bugünkü nailiyyətləri, birmənalı şəkildə, bizim dövlət müstəqilliyimizin bəhrəsidir.
Xalqın sağlamlığı ilə mühüm bir sosial sahə kimi bağlı olan idman və bədən tərbiyəsi millətin, xalqın kütləvi sağlamlığını təmin etmək üçün əvəzsiz bir vasitədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bizim ulu babalarımız da sağlam olublar, qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdən qalib çıxıblar, vətənimizi, xalqımızı öz gücü, qüvvəti, qəhrəmanlığı ilə qoruya biliblər. Məhz ona görə ki, onlar özlərinin fiziki inkişaflarına çox fikir veriblər. Bu, keçmişdə bizim adət-ənənələrimizdə də öz əksini tapıbdır. Ancaq indi - dünyada idmanın, bədən tərbiyəsinin müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda da idmanın, bədən tərbiyəsinin nümunəvi surətdə inkişafına dövlət səviyyəsində ciddi fikir verilir. Hamımız yaxşı bilirik ki, bu sahədə əldə edilən nailiyyətlər xalqımızın sağlam gələcəyinə, gələcək nəsillərin daha sağlam olmasına xidmət göstərən çox vacib bir işdir.

Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olandan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanmışdır. Ölkəmizdə Milli Olimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda qürurla vurğuladığı kimi, son üç Olimpiya oyunlarında idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırmışdır. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya oyunlarında iştirakla məhdudlaşdırmamış, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərmişdir. Sərəncamda vurğulanır ki, Milli Olimpiya Komitəsi idmanın maddi - texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir.
2000- ci ildən bəri ölkədə 40 Olimpiya İdman Kompleksi və bir sıra ixtisaslaşdırılmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur.
İdmançılarımızın Olimpiya oyunlarındakı nailiyyətləri mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə Olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirmiş, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri kimi tanıtmışdır.
Bütün bunların nəticəsi olaraq, 2012-ci ildə London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr əldə etdilər və ölkə başçısının 3 iyul 2012 - ci il tarixli sərəncamı ilə qalib gələn idmaçılar, eyni zamanda onların məşqçiləri yüksək səviyyədə mükafatlandırıldılar.
İdmançılarımızın sözügedən yay Olimpiya oyunlarına yolasalma mərasimində Azərbaycan Prezidenti demişdir: "Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar. Bunu deməyə əsas vardır, çünki Azərbaycanda idman sürətlə inkişaf edir. İdmanın inkişafı Azərbaycanın dövlət siyasətidir və Azərbaycan dövləti idmanın inkişafı üçün konkret addımlar atmışdır.
İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti - quruculuq işləri aparılır. Bu siyasəti biz 2000 - ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya kompleksləri tikilmişdir. Regional Olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində də böyük Olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində, əlbəttə ki, ən böyüyü, ən möhtəşəmi Bakı Kristal Zalıdır. O zalda "Eurovizion” mahnı müsabiqəsi keçirilmişdir”.
Bütün bu deyilənlərlə yanaşı, Tofiq Bəhramov adına Respublika Stadionunda aparılımış yenidənqurma və bərpa işləri, Bakıda yeni Olimpiya stadionunun təməlinin qoyulması, Bakıda dünya standartlarına cavab verəcək yeni müasir üzgüçülük kompleksinin, Gimnastika Zalının tikilməsinə başlanması idmana göstərilən qayğıdır. İdmançılarımızın Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmaları ölkəmizdə idmanın yüksələn xətt üzrə inkişafını əks etdirir. Bu müqayisələr ayrı- ayrı illərə aid göstəricilərdə də öz dinamikliyini qoruyub saxlayır. Müqayisə üçün göstərmək olar ki, Atlanta Olimpiadası ərəfəsində (1993-1996-cı illər) Olimpiya idman növləri üzrə 71 medal, Sidney Olimpiadası ərəfəsində (1997 -2000-ci illər) 146, Afina olimpiadası ərəfəsində (2001 - 2004 cü illər) 2 62, Pekin Olimpiadası ərəfəsində (2005 - 2008 - ci ilin yeddi ayı) 467, London Olimpiadası ərəfəsində isə (2009 - 2012-ci ilin altı ayı) 835 medal qazanılmışdır.
Bu gün dünya idman və Olimpiya aləminin Azərbaycanda gedən prosesləri böyük maraq və təqdirlə izləməsi çox səciyyəvidir. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də beynəlxalq əlaqələrin genişlənməsi xüsusi razılıq doğurur və bu sahədə görülən işlər yüksək səviyyədədir: Bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Ölkəmizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın idman sahəsindəki idarəçilik sistemi də çox mükəmməldir və ölkəmizdə bu yolda əldə edilən təcrübə bir çox ölkələrdə öyrənilməyə başlanmışdır. Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klublar vahid komanda şəklində fəaliyyət göstərir.
Təbii ki, düşünülmüş, məqsədyönlü proqamlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində bu gün müstəqil Azərbaycanımız idman dövləti kimi tanınır, beynəlxalq idman aləmində öz layiqli yerini tutur. Böyük mənəvi dəyərlərə malik olan idmançılarımıza hərtərəfli şərait yaradan Azərbaycan dövlətinin idmanın kütləviləşməsi sahəsində gördüyü işlər dərin xalq hörməti ilə izlənir.
Bütün bunları yazdıqca yaşadığım İmişli rayonunda ölkə başçısının qayğısı nəticəsində idman sahəsində əldə edilən nailiyyətlər gözlərimin önündə canlanır. Fərəhli haldır ki, rayonumuzda Heydər Əliyev adına 8500 yerlik stadion, 5 hektar ərazisi olan Olimpiya İdman Kompleksi məhz cənab İlham Əliyevin qayğısı ilə tikilib istifadəyə verilib, hər iki idman qurğusunun açılış mərasimi Azərbaycan Prezidentinin iştirakı ilə reallaşıb. Cənab Prezident açılış mərasimindəki nitqində demişdir:
- Əziz dostlar, mən Sizin hamınızı ürəkdən salamlayıram. İmişli Olimpiya Kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl idman qurğusu İmişli idmançılarına gözəl xidmət göstərəcəkdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var və deyə bilərəm ki, ölkəmizdə istifadəyə verilmiş Olimpiya kompleksləri arasında bu, ən gözəl komplekslərdən biridir. Böyük idman zalları, açıq meydançalar, qapalı idman zalları, üzgüçülük hovuzu, kiçik mehmanxana ilə yanaşı, kompleksin çox gözəl xarici görnüşü də vardır. Mən çox şadam ki, İmişlidə də gözəl Olimpiya İdman Kompleksi tikilmişdir.
Qeyd etmək istərdim ki, İmişlinin idman salnaməsini öz uğurları ilə bəzəyən idmançıları çoxdur. Şükürov qardaşları - sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan çempionu, sovetlər dövründə bir çox ümumittifaq turnirlərin qalibi İlham Şükürov, əməkdar məşqiçi, beynəlxalq dərəcəli idman ustası Qalib Şükürov, sərbəst güləş üzrə SSRİ idman ustası, dəfələrlə Azərbaycan çempionu, bir sıra ümumittifaq turnirlərin qalibi Əlisafa Şükürov, sərbəst güləş üzrə gənclər arasında respublika çempionu Çoşqun Əzimov, yeniyetmələr və gənclər arasında respublika çempionu, Avropada 5 -ci, dünyada 4 - cü yer tutmuş, Türkiyədə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı Mürşüd Bağırov və başqaları belə idmançılardandır.
İnamla qeyd etmək olar ki, İmişli idmançıları gələcəkdə də cənab Prezidentin onlara olan inam və ümidlərini doğruldaraq Azərbaycanda idman və Olimpiya Hərəkatının inkişafına öz töhfələrini verəcək, yeni-yeni qələbələri ilə həm rayonumuza, həm də respublikamıza şöhrət gətirəcək, Azərbaycanın üçrəngli bayrağını ən uca zirvəyə qaldıracaqlar.

Səməd İsmayılov


Yazı Milli Olimpiya Komitəsi və Azərbaycan 
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.