Pəhləvanlar Göyçayda qurşaq tutdular

Pəhləvanlar Göyçayda qurşaq tutdular

Göyçayda bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası və Əməkdar məşqçi, Prezident təqaüdçüsü Ehsan Kərimovun anadan olmasının 86-cı ildönümünə həsr edilmiş güləş üzrə V respublika turniri keçirilib.
Göyçay Olimpiya İdman Kompleksində təşkil edilən xatirə turnirinin açılış mərasimində Ehsan Kərimovun oğlu, professor Afiq Kərimov və digər çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Göyçay Olimpiya İdman Kompleksi qısa vaxt ərzində rayonda idman hərəkatının geniş vüsət almasına səbəb olub.
Çıxış edənlər 1927-ci ildə Göyçay şəhərində anadan olan tanınmış güləşçi Ehsan Kərimovun həyat və fəaliyyətindən, idman sahəsində əldə etdiyi uğurlardan söz açıblar.Dörd gün davam edən sərbəst və yunan-Roma güləşi üzrə yarışda 30 şəhər və rayondan 400-dən artıq yeniyetmə və gənc idmançı qüvvəsini sınayıb. Yarışı Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyevin rəhbərlik etdiyi hakimlər idarə ediblər.
On çəki dərəcəsi üzrə ilk 3 yeri tutanlara medal və diplomlar təqdim olunub. Yarışın Təşkilat Komitəsi gələcəkdə bu turnirin beynəlxalq səviyyədə təşkil edilməsini nəzərdə tutur.