Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) prorektoru, professor Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun yeni kitabı "XIX əsrdə doğulmuş, XX əsrin adamı” adlanır. 224 səhifədən və 5 fəsildən ibarət olan kitab Azərbaycan güləş məktəbinin banilərindən biri olan Rza Baxşəliyevə həsr edilib.    Məlumat üçün bildirək ki, Rza Baxşəliyev güləş üzrə 20 qat ölkə çempionu olub. Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Əməkdar məşqçi fəxri adlarına layiq görülüb. O, 103 illik ömrünün əsas hissəsini Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına sərf edib. "XIX əsrdə doğulmuş, XX əsrin adamı” kitabında Rza Baxşəliyevin həyat yolunun önəmli anlarına, tanınmış güləşçinin elmi əsərlərinə, özünün və yetişdirdiyi tələbələrin nailiyyətlərinə geniş yer verilib. Unudulmaz idmançı barədə deyilən fikirlər, idmanda əldə etdiyi diplomlar, fəxri fərmanlar da kitabda öz əksini tapıb. Kitabda sənədli qaynaqlara istinad olunub. Qeyd edək ki, "XIX əsrdə doğulmuş, XX əsrin adamı” kitabı Rza Baxşəliyevin qızı beynəlxalq dərəcəli idman ustası Sevil Baxşəliyevanın təşəbbüsü ilə dərc edilib. Məlumat üçün bildirək ki, kitabın müəllifi professor Dilqəm Quliyev uzun illərdir ki, Azərbaycan idmanının tədqiqatı ilə məşğul olur. D.Quliyev "Şəhid idmançılar” (1995), "XX əsrin qan yaddaşı” (1998), "Azərbaycan ulduzları Olimpiya oyunlarında” (1996), "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” (2001), "Azərbaycan idmanının dünəni və bu günü” (2003), "İdman və Olimpiya Hərəkatında İlham Əliyevin rolu” (1997-2007) və digər kitabların müəllifidir.