Sentyabrın 10-da Azərbaycan Güləş Federasiyasının (AGF) mərkəzi ofisində güləş idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə əlaqədar mətbuat konfransı keçirildi. Konfransda, həmçinin, sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatında ölkəmizi təmsil edəcək yığma komandaların heyəti də açıqlandı.

Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov həm güləşin Olimpiya oyunlarının proqramına daxil edilməsi, həm də Budapeşt şəhərində keçiriləcək dünya çempionatı barəsində ətraflı məlumat verdi. O dedi: «Fevralın 12-də güləşin Olimpiya oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul ediləndə, bütün idman ictimaiyyəti bu qərarın səhv addım olduğunu bildirirdi. Bunun üçün də Azərbaycanda xüsusi işlər görüldü. Federasiya prezidenti Fazil Məmmədovun göstərişi ilə bu istiqamətdə bir sıra dəyişikliklər oldu. Yeniyetmə və kiçik yaşlı yeniyetmələr arasında respublikadaxili turnirlər keçirildi. Bu yarışların nəticələri Beynəlxalq Olimpiya Komitəsinə göndərildi. «Olimpiya ümidlərimiz» devizi altında yarışların keçirilməsi və həmin idmançıların güləşə olan həvəsi güləşin Olimpiya oyunlarının proqramına daxil edilməsinə təkan verdi. Sentiyabrın 5-də Sahil bağında «Olimpiya oyunlarında güləşin saxlanılmasına dəstək olaq» devizi altında aksiya keçirildi. Həmin aksiyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və onun üzüvlərinə Olimpiya çempionlarımız tərəfindən müraciət ünvanlandı. Qeyd edim ki, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Yaponiya və ABŞ-da da belə aksiyalar keçirilmişdi. Bu da onu göstərdi ki, dünya ölkələrində güləşə maraq çox böyükdür. Güləşin Olimpiya oyunlarında saxlanılması bu idman növünün tarixi köklərinin olmasından irəli gəlir. Ümid edirik ki, qarşıdakı Olimpiya oyunlarda güləşçilərimiz uğurla çıxış edərək ölkəmizə ölkəmizi layiqincə təmsil edəcəklər».
Əjdər müəllim güləş idman növünün qaydalarına ediləcək dəyişikliklə bağlı məsələyə də aydınlıq gətirdi: «Beynəlxalq Olimpiya Komitəsi FİLA-ya öz iradlarını bildirdi. İclasda FİLA-ya qadın güləşinin kişi güləşi ilə eyni çəki dərəcəsində olması tövsiyə olundu. Moskvada təşkil olunan İcraiyyə komitəsinin iclasında güləşin hər 3 növü üzrə 6 çəki dərəcəsi olması təklif olunmuşdu. Bu çəki dərəcələrində qadın və kişi güləşinin bərabərliyi əsas götürülür. 6 çəki dərəcəsinin hansı çəkilərdən ibarət olması isə sentyabrın 16-17-də Macarıstanın Budapeşt şəhərində dünya çempionatı ərəfəsində keçiriləcək FİLA-nın İcraiyyə Komitəsinin yekun iclasında müəyyənləşəcək. Həmin iclasda icraiyyə komitəsinin üzüvləri yekdilliklə 6 çəki dərəcəsini müəyyən edəcəklər».
Qeyd edək ki, FİLA-nın İcraiyə Komitəsinin iclasında güləş qaydalarında və xalların verilməsində də müəyyən dəyişikliklər olunacaq. Sentyabrın 15-də Budapeşt şəhərində keçirilən iclasda güləş idman növündə qayda dəyişiklikləri barədə qərar qəbul ediləcək.
Mətbuat konfransının sonunda sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatında ölkəmizi təmsil edəcək yığma komandaların heyəti müəyyən edildi. Qeyd edək ki, sərbəst güləşçilərin heyətində Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər Semyon Çterev və David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Anjela Doroqan (48 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (67 kq) təmsil edəcəklər.
Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Şahram Elyasinin rəhbərliyi altında çempionatda iştirak edəcəklər. Bu heyətdə Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
Məlumat üçün bildirək ki, görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakimlər Əjdər Cəfərov və Hicran Şərifov təmsil edəcəklər.
Azər