Neft, Qaz və Kimya sənayesi işçilərinin XXI Spartakiadasına start verildi

Neft, Qaz və Kimya sənayesi işçilərinin XXI Spartakiadasına start verildi


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi neftçilərin, onların ailə üzvlərinin sağlamlığı naminə tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman Sağlamlıq Mərkəzi ölkəmizdə idmanın daha da inkişaf etməsi, kütləviləşməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm işlər görür.
«Neftçi» İSM idmançılarının müxtəlif mötəbər yarışlarda əldə etdikləri nəticələr ölkə idman ictimaiyyətinə yaxşı məlumdur. «Neftçi» İSM-ın yetirmələri müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edərək üçrəngli bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Təkcə bu ilin səkkiz ayı ərzində mərkəzin təmsilçiləri 1144 medal qazanıblar ki, onlardan 487-si qızıl, 290-ı gümüş, 367-si isə bürüncdür. Bugünlərdə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında «Neftçi» İSM-ın təmsilçisi Elxan Məmmədov qızıl medal əldə edərək Azərbaycan cüdo tarixində ilk dəfə böyüklər arasında dünya çempionu adını qazınıb. Təsadüfi deyildir ki, əldə olunan yüksək nailiyyətlər sayəsində mərkəz Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə ardıcıl olaraq altı dəfə «İlin ən yaxşı idman cəmiyyəti» seçilib.
«Neftçi» İdman Sağlamlıq Mərkəzi ilin əlamətdar günlərində neft-qaz sənayəsinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi hər ilin sentyabrında neftçilərin peşə bayramı (20 sentyabr-Neftçilər günü) ərəfəsində keçirilən Spartakiadadır. Respublikada bədən tərbiyəsi və idmana marağın artması müxtəlif idman növləri üzrə keçirilən Spartakiada yarışlarının getdikcə daha böyük vüsət almasına səbəb olub.

Respublikamızda neft, qaz, kimya sənayesində çalışan işçilər, onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə, bədən tərbiyəsinin, idmanın inkişafına, sağlam həyat tərzinə müsbət təsir edən Spartakiada yarışları 1992-ci ildən təşkil edilir. Hər il bu yarışlarda böyüklərlə yanaşı, neftçi ailələrindən olan kiçikyaşlı uşaqlar və yeniyetmələr də fəal iştirak edirlər. Spartakiadanın final yarışlarından əvvəl kollektivlərdə keçirilən idman yarışlarında fərqlənənlər final yarışlarında iştirak etmək hüququ qazanırlar. İldən ilə bu yarışlarda iştirak edənlərin sayı artır. Müqayisə üçün deyək ki, əvvəllər spartakiada yarışları 12 idman növü üzrə keçirilirdisə, indi bu rəqəm 14-ə çatdırılıb. Builki final yarışlarına 40 müəssisədən qatılan iştirakçıların sayı 1280 nəfər təşkil edir ki, onlardan 240-ı qadınlardır.
Neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadasının əhatə dairəsinin getdikcə daha da genişlənməsi, yarışlara daha da çox iştirakçıların qatılması, mərkəzin idmançılarının uğurlar əldə etməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin neft, qaz və kimya sənayesi işçilərinə, «Neftçi»İSM-ın idmançılarına, məşqçi və mütəxəssislərinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində mümkün olub.
Sentyabrın 10-da Neftçilər günü münasibətilə neft, qaz və kimya sənayesi işçilərinin növbəti, XXI Spartakiadasına start verildi. Həmin gün Suraxanı rayonu Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində (OTİK) Spartakiadanın təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Neftçi İSM-ın icraçı direktoru, Neftçi PFK-nın prezidenti Sadıq Sadıqov, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Olimpiya çempionları Namiq Abdullayev, Toğrul Əsgərov, tanınmış kikboksçu Eduard Məmmədov iştirak edirdilər.
Əvvəlcə çıxış üçün söz ARDNŞ-ın vitse-prezidenti Rəfiqə Hüseynzadəyə verildi. Rəfiqə xanım tədbir iştirakçılarını salamlayaraq neft, qaz və kimya sənayesi işçilərini 21-ci spartakiada münasibəti ilə təbrik etdi. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan Rəfiqə Hüseynzadə respublikamızda bədən tərbiyəsi və idmana qayğının artması sayəsində Spartakiada yarışlarına marağın çoxaldığını diqqətə çatdırdı.
Sonra söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verildi. Nazir müavini qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın idman mərkəzinə çevrilib. İsmayıl müəllim ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. «Bildiyiniz kimi, Azərbaycan idmanının inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu uğurlu idman siyasətini layiqincə davam etdirir. Bu gün dövlətimiz tərəfindən idmanın inkişaf etməsi üçün gözəl şərait yaradılıb. Bunun əməli nəticəsidir ki, Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizi yüksək səviyyədə təmsil edir, respublikamıza medallar qazandırırlar. Artıq Azərbaycanda, demək olar ki, elə bir region yoxdur ki, orada idman kompleksi tikilib istifadəyə verilməsin. «Neftçi» İdman Sağlamlıq Mərkəzi ölkəmizdə ən istedadlı idmançılar yetişdirən idman mərkəzlərindən biridir. İdman ocağının əldə etdiyi uğurlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin mərkəzə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur».


Azərbaycan Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev Spartakiada yarışlarının keçirilməsinin əhəmiyyətindən söz açdı və yarışların təşkilini yüksək qiymətləndirdi. O, ildən ilə bu mötəbər yarışa qoşulanların sayının artığını bildirdi. Cahangir müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən neftçilərə yüksək səviyyəli diqqət və qayğı göstərildiyini dedi. Dövlətin idman sahəsinə göstərdiyi diqqət və qayğının ildən ilə artdığını deyən komitə sədri hər il Azərbaycanın regionlarında müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri tikildiyini və bu idman qurğularının gənclərin idmana cəlb olunmasında böyük rol oynadığını diqqətə çatdırdı. «Neftçi» İdman Sağlamlıq Mərkəzinin gənc idmançıların həyatında mühüm rola malik olduğunu deyən Cahangir Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin mərkəzə göstərdiyi diqqət və qayğının nəticəsində idmançıların göstərdiyi uğurlu nəticələrin sayının daha da artığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdik ki, hər il mərkəzə müxtəlif idman növləri ilə məşğul olmaq üçün gənclər müraciət edirlər. O, qarşıdan gələn Neftçilər günü münasibətilə hamını təbrik edir, yarış iştirakçılarına uğurlar arzuladı.


Çıxışlar başa çatdıqdan sonra meydanda Azərbaycan bayrağı qaldırıldı. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Ardınca XXI Spartakiada yarışları açıq elan edildi. Tədbir konsert proqramı ilə davam etdirildi. Tədbirin bədii hissəsində «Neftçi» İSM-ın uşu üzrə komandası nümunəvi çıxışlar etdilər.
Qeyd etdiyimiz kimi, builki spartakiada yarışları 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə təşkil olunub. Yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növü üzrə isə «Start» İdman Kompleksində keçiriləcək. Spartakiadaya ayın 15-də yekun vurulacaq.


Tofiq Ataxanoğlu Gülməmmədov,
"Neftçi” İSM-in mətbuat xidmətinin rəhbəri,
əməkdar jurnalist