“Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində ailəvi idman yarışı keçirildi

“Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində ailəvi idman yarışı keçirildi


Sentyabrın 7-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkəti ilə birgə həyata keçirdiyi "Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində ilk ailəvi idman yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd Olimpiya Hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təbliğ etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarət idi.


Şən, təhlükəsiz oyunlardan ibarət yarışda Bakı və İsmayıllı şəhərindən olan 5 ailəyə 400 nəfərədək tamaşaçı azarkeşlik edib.İsmayıllıda təşkil edilmiş ilk ailəvi idman yarışını giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəsi Elçin Nəcəfli bu kimi tədbirlərin uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığını vurğulayıb. Elçin müəllim ilk belə yarışın İsmayıllıda keçirilməsinə görə MOK-a xüsusi təşəkkürünü bildirib. Sonra MOK-un məsul işçisi Həsənağa Rzayev iştirakçılara MOK və "Coca-Cola” şirkəti arasındakı uzunmüddətli əməkdaşlıq və "Fəal ailəm, sağlam aləm” layihəsinin tarixçəsindən danışıb. Olimpizm, Olimpiya dəyərləri və ölkədə geniş vüsət alan Olimpiya Hərəkatından söhbət açan Həsənağa müəllim iştirakçıları və tamaşaçıları Olimpiya prinsiplərindən gündəlik həyatlarında daha fəal istifadə etməyə çağırıb.
Daha sonra meydançaya uşaqlardan və valideynlərdən ibarət ailə komandaları dəvət olunaraq şən, təhlükəsiz oyunlar əsasında hazırlanmış estafet yarışına start verilib. Yarış başa çatandan sonra qonaqlar və yerli hökumət qurumlarının rəsmiləri iştirakçı ailələri fəxri diplom və hədiyyələrlə təltif ediblər.