“Baltika” komandası dünya kubokunun qalibi oldu

“Baltika” komandası dünya kubokunun qalibi oldu
Sentyabrın 5-də "Kempinski Hotel Badamdar” mehmanxanasında polo üzrə Dünya kuboku yarışları start götürüb. Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Beynəlxalq Polo Federasiyasının mətbuat katibi Quido Toqnoni tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, polo üzrə Dünya kuboku yarışlarının Bakıda keçirilməsinin əsas məqsədi polonu öz vətəninə qaytarmaqdır. "Bu turnir polonun həm Azərbaycanda, həm də dünyada təbliğinə imkan yaradacaq”, - deyə Quido Toqnoni deyib.

Polo üzrə Dünya kuboku yarışlarının əlaqələndiricisi Tatyana Sulzenbaxer deyib ki, bu yarışların Azərbaycanda keçirilməsi təşəbbüsü bir il əvvəl irəli sürülmüşdür. "Beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda polo idmanını inkişaf etdirmək çox mühüm vasitədir” , - deyə o bildirib.
Daha sonra çıxış edən Beynəlxalq Polo Federasiyasının prezidenti Reto Gaudenzi bildirib ki, "Polo vətəninə qayıdır” şüarı altında keçirilən bu yarışlar adına uyğundur. Çünki polo bir növ Azərbaycanın qədim çövkən oyununun bənzəridir.
Konfransda polo üzrə Dünya kuboku yarışlarında iştirak edən Argentina komandasının kapitanı Aqustin Kronhaus Azərbaycanda olmağından məmnunluğunu bildirib. Qeyd olunub ki, sentyabrın 6-dan 8-dək davam edəcək Dünya kuboku yarışlarında 8 komanda birincilik uğrunda mübarizə aparacaq. Bunlardan dördü - "Çopard” (Argentina), "Bentli” (Böyük Britaniya), "Monblan” (ABŞ) və "Baltika” (Avropa) peşəkar komandalardır. Qeyd edək ki, sentyabrın 6-da paytaxtımızdakı "Elite Horse and Polo Club”da polo üzrə Dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Açılışda çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev idmançılarımızın qazandığı nailiyyətdən danışıb, respublikamızda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.
Polo üzrə beynəlxalq yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu bildirən Elçin Quliyev son dörd ildə ARAF-ın həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, polo Azərbaycanın tarixi və məşhur idman növlərindən olan çövkənin müasir və dəyişdirilmiş formasıdır. Artıq ölkəmizdə polo üzrə milli komandanın formalaşdırılmasına başlanılıb. Qeyd edək ki, cari ilin sonunda ARAF Beynəlxalq Polo Federasiyasına üzv qəbul ediləcək.
ARAF-ın prezidenti yarışı açıq elan edib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çövkən oyununun tarixi barədə məlumat verilib.
Sonra milli geyimli qız və oğlanlar at belində cəngi sədaları altında meydana daxil olaraq, nümunəvi çıxış təqdim ediblər.
"Polo vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak edib. Bunlardan dördü - "Çopard” (Argentina), "Bentli” (Böyük Britaniya), "Monblan” (ABŞ) və "Baltika” (Avropa) peşəkar komandalardır. Yarışda yalnız yerli oyunçulardan təşkil olunmuş "Qarabağ”, "Göyəzən”, eləcə də "Milla Qrin” və "Milla Vayt” kollektivləri də birincilik uğrunda mübarizə aparıblar. Turnir çərçivəsində ilk oyun "Çopard” və "Bentli” komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə "Çopard” 7:4 hesabı ilə qalib gəlib. Yarışın sonunda finalçılar müəyyənləşib.
Üçüncü yer uğrunda Böyük Britaniyanın "Bentli” və ABŞ-ın "Monblan” komandaları qarşılaşıblar. Rəqibini 9:6 hesabı ilə məğlub edən "Bentli” komandası yarışları üçüncü pillədə başa vurub.
Həlledici görüşdə isə "Çopard” (Argentina) və "Baltika” (Avropa) komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə "Baltika”nın xeyrinə yekunlaşıb.