Gimnastika Federasiyası milli yarışları bərpa edir

Gimnastika Federasiyası milli yarışları bərpa edir

Dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi, gimnastikada da 2020-2021-ci illərdə keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı. Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək. Belə ki, yanvarın 29-da batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, fevralın 24-25-də akrobatika gimnastikası üzrə 27-ci ölkə birinciliyi və paytaxt çempionatı, martın 16-da bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı, martın 25-26-da qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci respublika birinciliyi və Bakı çempionatı təşkil olunacaq.