Güləş üzrə zona yarışlarına start verilir

Güləş üzrə zona yarışlarına start verilir

Oktyabrın 11-13-də Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş turniri keçiriləcək. Sentyabrın 15-də yarışda iştirak etmək üçün sərbəst və yunan-Roma güləşi üzrə seçmə xarakterli zona yarışlarına start veriləcək. Yarışın keçirilməsi həmçinin 2014-cü ildə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
1997-98-ci illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri tərəfindən keçiriləcək. Zonalar üzrə qalib gələn güləşçilər ayrılmış saya uyğun olaraq Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə iştirak hüququ əldə edəcəklər.
Məlumat üçün bildirək ki, sentyabrın 14-də Şamaxı, 15-16-da Yevlax, 17-18-də Sumqayıt, 21-22-də Gəncə, 23-24 sentyabrda Lənkəranda seçim xarakterli yarışlar keçiriləcək.
1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq. Yarışların proqramına əsasən, sentyabrın 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcəklər.