Yunanıstan Həvəskar Güləş Federasiyasının prezidenti Kostas Tanos Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin idman güləşini 2020-ci il Olimpiya Oyunlarından çıxarmaq barədə təklifini "müqəddəs dəyərlərə hörmətsizlik" adlandırıb. O əmindir ki, bu təklif həyata keçirilməyəcək. 
İTAR-TASS agentliyi Kostas Tanosun yerli radiostansiyaya verdiyi müsahibəsindən bu fikirləri xüsusi qeyd edib: "Mən bu qərarı izahedilməz addım kimi səciyyələndirərdim. Güləş Olimpiya oyunları ilə eyniləşdirilən bir idman növüdür və belə bir rəmzin ləğv edilməsi haqqında qərar qəbul etmək mümkün deyil. İşlər bu cür davam edərsə, bir müddətdən sonra onlar Olimpiya oyunlarının adını da ləğv edərlər".
Yunanıstan Həvəskar Güləş Federasiyasının prezidenti BOK-un İcraiyyə Komitəsinin bu planları barədə əvvəlcədən məlumatı olmadığını və bunu eşidəndə hədsiz təəccübləndiyini bildirib.
O deyib: "Londonda keçirilən Olimpiya oyunlarında güləş yarışları zamanı tribunalar həmişə dolu olmuşdu. İdmanın bu növü onda dopinqdən istifadə edilməsini irad tutmağa əsas vermir".
BOK-un bu qərarını "müqəddəs dəyərlərə hörmətsizlik" adlandıran Kostas Tanos vurğulayıb ki, o, bir yunan olaraq, idmanın bu növünü mədəniyyətin ayrılmaz tərkib hissəsi hesab edir və onu Olimpiya oyunları ilə birbaşa eyniləşdirir.
"Düzdür, idmanın bu növündə rusiyalılar hamıdan çox Olimpiya medalı qazanıblar. Buna baxmayaraq, planetimizdə sayı 200-dən çox olan bütün milli güləş federasiyaları BOK-un bu qalmaqallı qərarı ilə əlaqədar heyrətləndiklərini, məyus olduqlarını və qərarla razılaşmadıqlarını bildiriblər. Milli güləş federasiyaları idmanın bu növünün olimpiada proqramında saxlanılması üçün beynəlxalq kampaniyaya qoşulmağı planlaşdırırlar”, - deyə Kostan Tanos əlavə edib.
ABŞ İdman Güləşi Federasiyasının rəhbəri Rik Bender bu barədə ümumi fikri ifadə edərək deyıb: "Güləşin tarixi qədim Yunanıstanda antik Olimpiya oyunları dövründən başlanır və ilk müasir olimpiadanın proqramına daxil olub. O, idmanın ən geniş yayılmış növlərindən biridir. Bütün dünyada insanların yaşadığı yerdən, irqindən, cinsindən və ya fiziki imkanlarından asılı olmayaraq, hər kəs güləşlə məşğul ola bilər".