Paytaxtımız akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatına uğurla ev sahibliyi etdi

Paytaxtımız akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatına uğurla ev sahibliyi etdi

Martın 13-də Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı olub. Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe qlobal pandemiyaya və sülh böhranına baxmayaraq, yarışda iştirak edən idmançılara və rəsmilərə təşəkkürünü bildirib.
FIG rəsmisi deyib: “Azərbaycan Gimnastika Federasiyasına, könüllülərə və bütün tərəfdaşlara möhtəşəm dünya çempionatının təşkilində göstərdikləri səylərə görə minnətdarlıq edirəm. Akrobatika gimnastikası idman növləri arasında ən yüksək artistizm və mükəmməlliyə sahib növlərdən biridir. Bu dəfə musiqi və çıxışlar arasındakı harmoniya, o cümlədən hərəkətlərin icrasında daha çox artistizm diqqətimi cəlb etdi. Düşünürəm ki, gimnastikanın bu növü insanları daha çox cəlb edəcək bir nöqtəyə gəlib. İdmançıların çıxışı dostluğu, inamı və həmrəyliyi gözəl şəkildə ifadə etdi. İnanıram ki, gimnastlar bu xaotik dövrdə insanlıq üçün bir nümunə sərgilədilər.
Bakıda dünya çempionatı yekunlaşdı. 2024-cü ildə dünya çempionatına İsrailin Holon şəhəri ev sahibliyi edəcək. İsraildə görüşənədək”.
Sonra FIG prezidenti akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatını bağlı elan edib.
Daha sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə FIG bayrağını M.Vatanabeyə təqdim edib. M.Vatanabe isə bayrağı İsrail Gimnastika Federasiyasının rəsmisi Zina Harrisə verib.
Gimnastların iştirakı ilə hazırlanan “Metaverse” adlı şou proqramla dünya çempionatına yekun vurulub.
Dünya çempionatında 17 ölkədən 170 gimnast iştirak edib. Dörd gün davam edən yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış ediblər.
Azərbaycan komandası dünya çempionatını 3 medalla başa vurub. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.