Azərbaycan nümayəndə heyəti III İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq

Azərbaycan nümayəndə heyəti III İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq

Sentyabrın 22-dən oktyabrın 1-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu mötəbər idman tədbirində Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.
Müxtəlif idman növləri üzrə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman şərəfini 9 idman növündə (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağır atletika və kamandan oxatma) 54 idmançı qoruyacaq. Qeyd edək ki, sentyabrın 24-də İndoneziyanın Palembanq şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda İHİF-in İcraiyyə Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və qurumun İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edəcəklər. İclasda İHİF-in Azərbaycan üzrə nümayəndələri 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili ilə bağlı növbəti aylarda görüləcək işlər barədə məruzə ilə çıxış edəcəklər.
Sentyabrın 25-də "Bakı 2017” Təşkilat Komitəsi tərəfindən İndoneziya Təşkilat Komitəsi, İHİF-in rəhbərliyi və iştirakçı dövlətlərin nümayəndələrinə xüsusi ziyafət veriləcək. Ziyafətdə Azərbaycan mətbəxi və mədəniyyətinin təbliği, xüsusi videoçarxın nümayişi, ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərini özündə əks etdirən fotostendin təşkili və s. nəzərdə tutulur.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir. Adıçəkilən yarışların 2017-ci ildə Bakı şəhərində keçirilməsi haqqında qərar iyulun 25-də İHİF-in Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 8-ci Baş Assambleyasında qəbul olunmuşdur.