Azad Rəhimov: «Ümid edirəm ki, İslamiadadan vətənə medallarla qayıdacağıq»

Azad Rəhimov: «Ümid edirəm ki, İslamiadadan vətənə medallarla qayıdacağıq»


Bu gün III İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün komandamızın ilk iştirakçıları İndoneziyanın Palembanq şəhərinə yola düşdülər. Yolasalma mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak edirdilər. İndoneziyaya yollanan heyətin nümayəndələri fikirlərini KİV nümayəndələri ilə bölüşdülər.


Azad Rəhimov (Gənclər və İdman naziri):
- Bu gün atletlərimiz və nümayəndə heyətimiz III İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün İndoneziyaya yola düşür. 44 ölkədən 13 idman növü üzrə 4500-ə yaxın idmançı İslam Həmrəyliyi Oyunlarında medallar uğrunda yarışacaq. Komandamız Palembanq şəhərində atletika, badminton, karate, taekvondo, ağırlıqqaldırma, kamandan oxatma, tennis, uşu və üzgüçülük növlərində 55 idmançı ilə təmsil olunacaq. Ümid edirəm ki, İslamiadadan vətənə medallarla qayıdacağıq. İndoneziyada uğurlu nəticə qazanmaqla Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha sübut edəcəyik. Yarışda, əsasən, ağırlıqqaldıranlarımızdan və atletlərimizdən medallar gözləyirik. İnanıram ki, komandamızın hər bir üzvü layiqli çıxış etməklə İndoneziyada bayrağımızı yüksəklərə qaldıracaq.


Atletika üzrə yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadə öz fikirlərini olimpnews.az saytı ilə bölüşdü:
- Atletika üzrə komandamız yarışda 9 idmançı (5 oğlan və 4 qız) ilə təmsil olunacaq. Bu gün komandmızın 4 üzvü III İslam Oyunlarında iştirak etmək üçün yola düşür. Sentyabrın 24-də isə növbəti heyət yola düşəcək. Atletlərimiz yarışa yüksək səviyyədə hazırlaşıblar. İdmançılarımız təlim-məşq toplanışlarını Türkiyə, Belarus və Bakıda keçiblər. Heyətdə yer alan idmançıların hər biri ilk dəfədir ki, İslam Həmryliyi oyunlarında iştirak edəcək. İdmançılarımız medalar uğrunda çox güclü rəqiblərlə mübarizə aparacaqlar. Xüsusən də, Uqanda, Bəhreyn, Qətər və Əlcəzairdən olan atletləri yarışların favoritləri hesab etmək olar. Buna baxmayaraq, idmançılarımızın yarışdan uğurlu nəticə ilə qayıdacağına inanıram. Kişilərin və qadınların yarışında 5 min metr məsafəyə qaçış yarışlarında atletlərimizdən medallar gözləyirəm. İnşallah vətənə yüksək nailiyyətlərlə qayıdarıq.