22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıq prosesini davam etdirir. Komandamız qitə çempionatının seçmə mərhələsi çərçivəsində E qrupunda Kosova, Niderland və Slovakiya milliləri ilə bir qrupda mübarizə aparacaq. Hazırda komandamız “Murov” voleybol klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin zallarında təlim-məşq toplanışında iştirak edir. Aprelin 29-dan başlayan hazırlıq prosesinə 16-17 valeybolçu cəlb olunub. Yarışa isə bu voleybolçularımızdan yalnız 12 nəfəri aparılacaq. Komandamızın hazırlıq prosesi ilə tanış olmaq üçün “Sərhədçi” Olimpiya İdman Mərkəzində olduq. Gənclərdən ibarət milli komandanın köməkçi məşqçisi Fərid Cəlalov yığmamızın yarışlara yüksək səviyyədə hazırlaşdığını, təlim-məşq toplanışının son mərhələsinin isə Türkiyənin paytaxtı Ankarada təşkil olunacağını bildirdi.
“22 yaşadək oğlan voleybolçulardan ibarət millimiz mayın 20-22-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovada keçirilən yarışlarda iştirak edəcək. Komandamız yarışda E qrupunda mübarizə aparacaq və Kosova, Niderland, Slovakiya yığmaları ilə qarşılaşacaq. Yarışa hazırlığımız gündə iki dəfə olmaqla “Murov” voleybol klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin zallarında keçirilir. Məşqlərə çempionatada iştirak edən yerli oyunçularımız cəlb olunub. Heyətdə əsasən, “Murov” və MOİK komandalarının tərkibində çıxış edən voleybolçular üstünlük təşkil edirlər. Bakıdakı hazırlıq prosesini başa vurduqdan sonra, mayın 14-də Türkiyəyə yola düşəcəyik və məşqlərimizi Ankara şəhərində davam etdirəcəyik. Millimiz qardaş ölkədə keçirilən təlim-məşq toplanışı çərçivəsində Türkiyə yığması iləiki yoxlama oyununda qüvvəsini sınayacaq. Bu yoldaşlıq oyunlarından sonra isə komandamız yarış üçün Kosovaya yollanacaq”, - deyə Fərid Cəlalov qeyd etdi.
F.Cəlalov komandanın hazırlıq səviyyəsini dəyərləndirərkən yığmamızın heyətində zədəli oyunçuların olduğunu da bildirdi. Baş məşqçinin köməkçisi bununla belə, bu yarışda komandamızdan yalnız əzmkar oyun və layiqli mübarizə gözlədiyini qeyd etdi: “Təəsüf ki, hazırda komandamızın heyətində bir neçə zədəli voleybolçularımız var. Hətta elə idmançılarımız var ki, zədə səbəbindən əməliyyat keçiriblər. Onlar zədələrə görə bu gün bizimlə deyil və yarışda iştirak edə bilməyəcəklər. Bu isə komandamız üçün bir qədər çətinlik yaradacaq. Çünki həmin idmançılar kifayət qədər təcrübəli və son ölkə çempionatında özlərini yaxşı tərəfdən göstərən voleybolçulardır. Lakin bununla belə, komandamızın sona qədər layiqli mübarizə aparacağına və gözəl oyun nümayiş etdirəcəyinə inanırıq. Oyunçu meydana qalib gəlmək üçün çıxır. Biz də qələbə üçün tam gücümüzlə mübarizə aparacağıq. Çalışacağıq ki, ölkəmizin idman şərəfini layiqincə qoruyaq”.
Yığma komandanın köməkçi məşqçisi həmçinin millimizin qrupdakı rəqiblərini də dəyərləndirdi. Qrupun əsas favoritinin Niderland millisi olduğunu deyən F.Cəlalov ev sahibi Kosovanı da sıradan bir rəqib olmadığını vurğuladı: “Yarışlar Kosovada keçiriləcək. Buna görə də Kosova komandası əlavə üstünlüyə malikdir. Bundan başqa qrupun digər komandaları olan Niderland və Slovakiya yığmaları da bizim üçün əsas rəqiblərdən sayılır. Sözsüz ki, əsas favorit Niderland millisidir. Düşünürəm ki, əgər heyətimizdə zədəli idmançılarımız olmasa idi, biz bütün komandalarla yüksək səviyyədə oynaya bilərdik. Lakin biz yenə də çalışacağıq ki, bütün rəqiblərə qarşı, tam gücümüzlə mübarizə aparaq və meydandan uğurlu nəticə ilə ayrılaq. Heç kim Kosovaya uduzmaq üçün getmir. Hər bir voleybolçumuz çox istəklidir. İnanıram ki, onlar ən yaxşı oyunlarını göstərəcəklər. Ən əsası isə bu yarış voleybolçularımız üçün böyük təcrübə olacaq”.
Qeyd edək ki, E qrupunda mübarizə aparan millimiz AVRO-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu mayın 20-də Kosova komandasına qarşı keçirəcək. Komandamız mayın 21-də Niderland, növbəti gün isə Slovakiya yığması ilə qarşılaşacaq. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.