Ölkəmiz “dördlər finalı”nda bir komanda ilə təmsil olunacaq

Ölkəmiz “dördlər finalı”nda bir komanda ilə təmsil olunacaq

"Dördlər finalı”nda mübarizə aparacaq bütün komandaların adları ötən həftə məlum oldu. Gərgin keçən mübarizədən sonra ölkəmizi bu mərhələdə bir komanda təmsil edəcək. Buna qədər heç bir oyunda məğlubiyyətlə üzləşməyən "Rabitə” klubu yarımfinal mərhələsində İtaliyanın "Yamamay” klubu ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, "Dördlər finalı” uğrunda mübarizəyə 3 komandamız qoşulmuşdu. "Rabitə” ilə bərabər, "Azərreyl” və "Lokomotiv”də bu mərhələdə iştirak etmək üçün əllərindən gələni əsirgəmədilər. Təəssüf ki, "Azərreyl” və "Lokomotiv” əsas mərhələyə vəsiqə qazana bilmədilər.

Özünün əzmkar mübarizəsi ilə "dördlər finalı”na vəsiqə əldə edən "Rabitə” qrup mərhələsində (B qrupu) "Villa Kortese”, "Atom” və "Agel” komandaları ilə qarşılaşmışdı. D qrupunda qərarlaşan "Azərreyl”in rəqibləri "Əczaçıbaşı”, "Tauron” və "Dresdner” komandaları olmuşdu. Çl-də ilk dəfə çıxış edən digər təmsilçimiz "Lokomotiv” isə "Dinamo”, "Bank Fakro” və "Srvena Zvezda” klubları ilə birlikdə F qrupunda yer almışdı. Çempionlar Liqası başlamamışdan əvvəl komandalarımız yeni voleybolçuların keçidini reallaşdıraraq heyətlərini gücləndirmişdilər. Məqsəd isə Çempionlar Liqasının kubokunu ölkəmizə gətirmək idi.
Klublararası dünya çempionatının ikincisi olan "Rabitə”nin birinci və ikinci dövrədə digər komandalarımıza nisbətən yüksək oyun nümayiş etdirdiyini desək, yanılmarıq. Xatırladaq ki, "Rabitə” keçirilən bütün oyunların hamısında qalib gələrək qrup lideri kimi pley-off mərhələsinə yüksəlmişdi. Son ölkə çempionu birinci dövrənin ilk turunda Çexiyanın "Agel” klubu ilə qarşılaşmışdı. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq "Rabitə” üstün oyun nümayiş etdirərək birinci görüşdə aktivinə 3 xal yazdırmışdı. İkinci turda isə komandamızın rəqibi olan "Villa Kortese” nisbətən güclü idi. Çünki rəqib "Dördlər finalı”nın son iştirakçısı olmuşdu. Buna baxmayaraq, baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən, Azərbaycan çempionunun qələbə qazanacağı inandırıcı görünürdü. Üstəlik qarşılaşmanın Bakıda keçirilməsi də "Rabitə” yə böyük üstünlük verirdi. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə təmsilçilərimiz rəqibin kəskin hücumları ilə qarşılaşdı. Onlar ikinci hissədə 3 xal fərqi ilə komandamızı məğlubiyyətə uğratdılar. Bu, italiyanların son qələbəsi oldu. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn Marçelo Abbondanzanın yetirmələri aktivlərinə növbəti xalları əlavə etdilər. Üçüncü turda isə komandamızın rəqibi "Agel” oldu. Polşada keçirilən qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşdı. Birinci dövrədə inamlı təsir bağışlayan "Rabitə”nin ikinci dövrədə də yüksək oyun nümayiş etdirəcəyinə heç kəs şübhə etmirdi. Çünki italiyalı baş məşqçi Marçello Abbondanza güclü bir komanda formalaşdırmışdı. Birinci dövrədə təşkil olunan 3 oyunda maksimum nəticə göstərən son ölkə çempionu ikinci dövrənin oyunlarına da yüksək əhval-rühiyyə ilə başladı. Dördüncü turda komandamız Polşanın "Atom” komandası ilə qarşılaşdı. "Rabitəçilər” ardıcıl bütün hissələrdə qalib gələrək pley-off mərhələsinə bir qədər də yaxınlaşdı. Beşinci turda isə komandamız İtaliyanın "Villa Kortese” klubu ilə üz-üzə gəldi -3:1. Qrup mərhələsinin son oyununda "Rabitə” Çexiyanın "Agel” klubunu sınağa çəkdi. Digər oyunlar kimi, bu qarşılaşma da təmsilçimiz üçün asan keçdi. Son oyunda da qalib gələn "Rabitə” mövsümdə yüksək nəticə göstərərək ÇL-də rekorda imza atdı. Bununla da "Rabitə” pley-off mərhələsinə yüksəldi.
"D” qrupunda mübarizə aparan digər təmsilçimiz "Azərreyl”in birinci dövrədəki çıxışını qənaətbəxş hesab etmək olardı. Komandamız çempionat başlamamışdan əvvəl inamlı təsir bağışlasa da, heç cür öz oyununu göstərə bilmirdi. Qeyd edək ki, birinci turda Almaniyanın "Dresdner” klubu ilə qarşılaşan komandamız Çempionlar Liqasına 3 xalla başladı.
Təmsilçimizin ikinci turdakı rəqibi isə Türkiyənin "Eczacıbaşı” komandası oldu. Komandamızın 3 xal qazanmaq istəyi bu dəfə alınmadı. Təmsilçilərimizin bütün cəhdlərinə baxmayaraq hər üç hissə türkiyəlilərin qələbəsi ilə yekunlaşdı. Üçüncü turda isə Azərreyl” doğma meydanda Polşanın "Tauron” komandasını qəbul etdi. Bu oyunda komandamıza xal mütləq lazım idi. Çünki klubumuz xal itirəcəyi təqdirdə turnir cədvəlində vəziyyətini çətinləşdirəcəkdi. Qarşılaşmanın birinci hissəsi rəqibin qələbəsi ilə yekunlaşdı. Lakin ruhdan düşməyən Alessandro Çiappinin yetirmələri ikinci hissəni qələbə ilə bitirdilər. İkinci hissədə komandamız 13 top fərqi ilə qalib gəldi. Üçüncü hissə isə gərgin mübarizə şəraitində keçdi. "Azərreyl” bu hissədə də rəqibin sevinməsinə imkan vermədi-20: 25. Növbəti hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəldi. Bu hissədə də üstün oyun nümayiş etdirən komandamız 3 xal qazandı. Beləliklə, 3:1 hesabı ilə qalib gələn "dəmiryolçular” xallarının sayını 6-ya çatdırdı. Nəticədə, aktivində 2 qələbə və bir məğlubiyyət olan "Azərreyl” birinci dövrəni ikinci yerdə bitirdi. Pley-off mərhələsinə yüksəlmək üçün komandamız ikinci dövrənin oyunlarında mütləq qələbə qazanmalı idi.
Dördüncü turda təmsilçimiz Polşanın "Tauron” komandası ilə münasibətlərinə aydınlıq gətirdi. Tay-brekdə komandamızdan üstün oyun nümayiş etdirən polşalılar ilk dövrədəki məğlubiyyətin əvəzini çıxdılar. Beşinci turda "Azərreyl” "Əczaçıbaşı” klubunu sınağa çəkdi. Qonaqlar bu dəfə də qələbə qazanaraq Bakıdan 3 xalla ayrıldılar - 1:3. Bu oyundan sonra komandamızın pley-off mərhələsinə yüksəlmək imkanları sual altına düşdü. 
Lakin "Azərreyl” qrup mərhələsində keçirilən bütün oyunların nəticəsinə əsasən, qrup ikincisi kimi pley-off mərhələsinə yüksələ bildi.
Çempionlar Liqasında qüvvəsini sınayan digər təmsilçimiz "Lokomotiv”in çıxışını da uğurlu saymaq olardı. İlk dəfə belə mötəbər yarışda qüvvəsini sınayan "Lokomotiv” klubu birinci görüşünü səfərdə keçirdi. Taybrekdə "Srvena Zvezda”ya 15:11 hesabı qalib gələn "Lokomotiv” Çempionlar Liqasındakı ilk oyunundan qələbə ilə ayrıldı -3:2. "Dəmiryolçular”ın ikinci turda rəqibi isə Moskva "Dinamosu” oldu. "Lokomotiv” birinci hissədə inamlı oyun nümayiş etdirərək qələbə qazandı. "Dəmiryolçular” növbəti iki hissədə də qalib gələrək aktivlərinə 3 xal yazdırdılar. Üçüncü turda isə komandamızın rəqibi Polşanın "Bank Fakro” klubu oldu. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə "Bank Fakro” qalib gələrək hesabı bərabərləşdirdi. Lakin onların bundan artığına gücü çatmadı. Ardıcıl iki hissədə də qələbə qazanan "dəmiryolçular” aktivinə 3 xal yazdırdı. Beləliklə, hər üç oyunda qələbə qazanan "Lokomotiv” birinci dövrəni qrup lideri kimi başa vurdu. İkinci dövrəyə də ciddi hazırlaşan "dəmiryolçular” dördüncü turda Polşanın "Bank Fakro” klubu ilə qarşılaşdı. Səfərdə rəqibini asanlıqla məğlubiyyətə uğradan komandamız bu dəfə qalib gələrək aktivinə növbəti xalları yazdırdı. Beşinci turda isə Moskva "Dinamo”su ilə üz-üzə gələn komandamız məğlub oldu -2:3. Altıncı turda komandamız Serbiyanın "Srvena Zvezda” klubu ilə qarşılaşdı. "Lokomotiv” bütün hissələrdə rəqibinə imkan verməyərək 3 xalı qazandı.
Beləliklə, "Lokomotiv” Çempionlar Liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, qrup mərhələsini lider kimi bitirərək pley-off mərhələsinə yüksəldi. Onlar keçirilən 6 oyundan yalnız birində məğlub oldular.
Çempionlar Liqasının bütün oyunları yekunlaşdıqdan sonra püşkatma mərasimi keçirildi. Püşk komandalarımız üçün düşərli olmadı. Belə ki, püşkün nəticəsinə əsasən, iki komandamız I pley-off mərhələsində üz-üzə gələcəkdi.
Bu yarışda mübarizə aparan komandalarımızdan "Azərreyl” və "Lokomotiv” növbəti mərhələyə keçəcək klubun adına aydınlıq gətirməli idi. Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfə idi ki, Azərbaycan klubları bir-biri ilə üz-üzə gəlirdi. Bu görüşdə hansı komandanın qalib gələcəyini qabaqcadan proqnozlaşdırmaq bir qədər çətin idi. Çünki ÇL-də yaranmış fasilə zamanı hər iki komanda heyətinə yeni güclü voleybolçular cəlb etmişdi. Buna görə, oyunun gərgin keçəcəyi hamı tərəfindən gözlənilirdi.
İki təmsilçimizin qarşılaşdığı birinci görüşdə sevinən tərəf "Azərreyl” oldu. Həmin qarşılaşmaya Cüzeppe Kuçarinin komandası daha fəal başladı. Birinci hissədə ilk texniki fasiləyə "Lokomotiv” üstün yollansa da, "Azərreyl” sonradan təşəbbüsə yiyələnərək birinci hissəni qələbə ilə bitirdi. İkinci və üçüncü hissədə də üstün oyun nümayiş etdirən Alessandro Çiappinin komandası birinci görüşdə qələbə qazanaraq bir qədər üstünlük qazandı. Cavab görüşündə də onların qələbə qazanacağı gözlənilirdi. Çünki rəqib "Azərreyl”ə nisbətən zəif təsir bağışlayırdı. "Dəmiryolçular” birinci hissədə meydan sahibi "Lokomotiv”i 5 top fərqi ilə məğlub etdilər.
Ardıcıl növbəti hissələrdə də qələbə qazanan "Azərreyl” qələbəni özü üçün təmin etdi. Beləliklə, ÇL-nin qrup mərhələsində "dəmiryolçular” zəif oyunu ilə diqqət çəksələr də, onlar bu qalibiyyət sayəsində növbəti mərhələyə yüksələ bildilər. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan daha bir təmsilçimiz - "Rabitə”nin də bu mərhələdə rəqibi kifayət qədər güclü idi. "Rabitəçilər” növbəti mərhələyə yüksəlmək üçün mütləq Fransa çempionu "Kann”ı məğlubiyyətə uğratmalı idi. Bu komandalar arasında təşkil olunan birinci görüşdə təmsilçimiz qələbə qazandı. Belə ki, həmin oyunda ilk hissəyə yaxşı başlayan voleybolçularımız fasiləyə 17:25 hesabı ilə üstün yollandılar. İkinci hissədə meydan sahibləri qalib gəldilər- 25:15. Daha sonra "Rabitə” ardıcıl olaraq hər iki hissədə yaxşı oyun nümayiş etdirərək rəqibini məğlub etməyi bacardı -3:1.
Cavab oyununda da "Rabitə” rəqibindən üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazandı. Onlar rəqiblərinə hər üç hissədə qalib gələrək bu nəticəyə nail oldular. Növbəti mərhələdə də komandalarımızın işinin çətin olacağı hamı tərəfindən gözlənilirdi. Çünki "Dördlər finalı” yaxınlaşdıqca zəif komandalar sıradan çıxır, güclü komandalar arasında rəqabət getdikcə artırdı. II pley-off mərhələsində "Azərreyl” "Yamamay” klubuna, "Rabitə” isə "Kann” komandasına rəqib oldu.
"Azərreyl”in "Yamamay” klubuna qarşı keçirdiyi hər iki görüşdən sonra hansı nəticəyə sahib olacağını qabaqcadan demək bir az çətin idi. Çünki rəqib "dördlər finalı”na əsas namizəd komandalardan biri sayılırdı. Amma təmsilçimiz də, asan məğlub olmaq niyyətində deyildi. İtaliyada təşkil olunan birinci görüş komandamız üçün pis keçmədi. İlk hissədə 25:17 hesabı ilə məğlub olan "Azərreyl digər iki hissəni öz xeyrinə tamamladı. Lakin komandamız son iki setdə rəqibi qarşısında aciz qaldı. Matç "Yamamay”ın 3:2 hesablı qələbəsi ilə başa çatdı. İtaliyada qələbə qazana bilməyən "Azərreyl” doğma meydanda rəqibini mütləq məğlub etməli idi. Komandamız cavab görüşündə qələbə qazancağı təqdirdə "qızıl set”də qalib gəlib növbəti mərhələyə yüksəlmək imkanı qazanacaqdı. Əks təqdirdə, təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşmalı olacaqdı.
Qarşılaşma, gözlənildiyi kimi, "dəmiryolçuların” üstünlüyü ilə başladı. Birinci hissədə ardıcıl hücumlar təşkil edən voleybolçularımız qələbə qazanaraq arenaya toplaşmış azarkeşləri bir qədər də ruhlandırdılar. Komandamız ikinci hissəni də öz xeyrinə bitirə bildi.
Üçüncü hissədə də inamlı təsir bağışlayan komandamız qələbə qazandı. Beləliklə, "Azərreyl” oyunun taleyinə "Qızıl set”də aydınlıq gətirdi. Bura da isə, bəxt təmsilçilərimizin üzünə gülmədi. Bu hissədə güclü oyun nümayiş etdirən "Yamamay” qələbə qazanaraq "dördlər final”ına vəsiqə əldə etdi. Beləliklə, ötən il yarımfinal mərhələsinin bir addımlığında Bakıda "qızıl set”də Kazan "Dinamo”suna məğlub olan təmsilçimiz bu dəfə də eyni uğursuzluqla üzləşdi.
ÇL-də mübarizə aparan digər təmsilçimiz "Rabitə” isə birinci görüşünü səfərdə keçirdi. Kazan "Dinamo”su ilə keçirilən birinci oyun qarşılıqlı hücumlar şəraitində başladı. Bu başa düşülən idi. Çünki meydan sahibi "Dinamo” qələbə qazanıb səfər oyununa yüksək əhval-ruhiyə ilə yollanmaq əzmində idi. Təmsilçilərimiz isə oyunun taleyini "qızıl set”ə saxlamaq istəmirdilər. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq təmsilçilərimiz qələbə qazandı. "Rabitə”nin İtaliyada əldə etdiyi qələbədən sonra voleybolçularımızın doğma meydanda təşkil olunacaq görüşdə də azarkeşlərini sevindirəcəyi gözlənilən idi. Birinci hissədə "rabitəçilər” qələbə qazandı. İkinci hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komandamız qələbəyə sevindi. Növbəti hissədə isə təmsilçilərimiz 6 top fərqi ilə məğlub oldular. Dördüncü hissədə də qələbə qazanan "Rabitə” "dördlər final”ına vəsiqə qazandı. Beləliklə, İstanbulda keçiriləcək "dördlər finalı”nda ölkəmizi bir komanda təmsil edəcək. "Rabitə” yarımfinal mərhələsində daha bir təmsilçimizi məğlub edən "Yamamay” klubunu sınağa çəkəcək. Digər görüşdə isə, iki türk komandası üz-üzə gələcək. Belə ki, "dördlər finalı”na ev sahibliyi edəcək "Qalatasaray” "Vakıfbank” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Finalda isə, ikinci cütün qalibi ilə birinci cütün qalibi qarşılaşacaq.