İkinci dövrə böyükhesablı qələbələrlə başladı

İkinci dövrə böyükhesablı qələbələrlə başladı

Ötən şənbə və bazar günlərində otüstü hokkey üzrə Azərbaycan cempionatının II dövrəsinin oyunları start götürüb. Sentyabrın 21-də əvvəlcə 18 yaşınadək oğlanlardan ibarət komandalar mübarizə aparıblar. Ölkə birinciliyinin mükafatları uğrunda yarışan və "A” qrupuna daxil olan "Olimp”(Masallı) və "Atasport-Binə” hokkeyçilərinin görüşündə cənub bölgəsinin nümayəndələri rəqiblərinə müqavimət göstərə bilməyərək 0:6 hesabı ilə məğlubiyyətə uğrayıblar. Astaralılar da Sumqayıtın "Təhsil” komandası ilə oyunda öz qonşuları kimi böyük hesabla uduzublar-0:5. "B” qrupunda V - VIII yerlər uğrunda yarışanların keçirdikləri görüşlər belə nəticələnib:

"Gəncə”- "Xəzər”(Lənkəran) - 2:1
"Göytəpə”(Cəlilabad) - "Şəki”- 0:1
Bazar günü əvvəlcə qadın otüstü hokkeyçilər meydana çıxıblar. Ötənilki çempion -”Bakı” Sumqayıt hokkeyçiləri ilə oyunda 7:0 hesablı qələbəyə sevinib. Nərgiz Novruzova rəqib qapısına vurulan 4 qolun müəllifi olub. Rəna Mehdiyeva 2, Xalidə Zeynalova isə 1 dəfə fərqlənib. Cari mövsümdə uğurlu çıxışı ilə liderliyi ələ alan Qusarın "Samur” komandası II dövrənin start qarşılaşmasında "Atasport-2” hokkeyçilərinə məğlub olub. Həmin görüşdə tamaşaçılar 13 qolun şahidi olublar. Bu topların 9-u qusarlıların qapısına vurulub ki, onların da 6-sının müəllifi Amaliya Həsənova olub. Amaliyanın bacısı Emiliya 2 dəfə fərqlənib. Daha 1 qolu rəqib qapısından Ceyhunə Məhərrəmova keçirib. "Samur” komandasından isə Yeganə və Kamalə Qazıxanova bacıları eləcə də Günel İsmayılova hərəyə 1 qola seviniblər. 4-cü topu isə "Atasport-2”nin gənc oyunçusu İlahə Yusubova öz komandasının qapısına vurub(avtoqol). Çempionatın ilk turlarından liderliyi ələ alan "Samur”, nəhayət ki, dünənki məğlubiyyətdən sonra 15 xal toplayan "Bakı” komandasının yalnız 1 top üstünlüklə birinci yerə çıxmasına imkan verib. "Atasport-2” 12 xalla yenə də III yerdə qərarlaşıb. Sumqayıt hokkeyçiləri isə 1 xal belə yığa bilməyərək, yarış cədvəlinin sonucu pilləsində qərarlaşıblar. Sentyabrın 22-də qadınların oyunları başa çatandan sonra 15 yaşınadək oğlanlar II dövrənin ilk görüşlərini keçiriblər. "A” qrupunda mükafatlara iddialı komandaların oyunlarında qeydə alınan nəticələr belədir:

"Atasport-Binə” - "Təhsil”(Bakı) - 0:0
"Akkord”(Sumqayıt) - "Şahdağ”(Qusar) - 2:1

"B” qrupunda V-VIII yerlər uğrunda yarışan komandaların qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb: "Şəmkir” - "Şəki” -0:0 "Gəncə” - "Olimp”(Masallı) - 1:0.