XXI Spartakiadaya yekun vuruldu

XXI Spartakiadaya yekun vuruldu


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin ənənəvi olaraq təşkil etdiyi neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadası başa çatıb.
«Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist Tofiq Ataxanoğlunun olimpnews.az-a verdiyi məlumata görə, sentyabrın 9-da start götürmüş yarışlar ayın 15-ə qədər davam edib. İdmanın kütləviləşməsi, gənclərin sağlam ruhda böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan Spartakiadada yarış iştirakçıları 14 idman növü (atletika, üzgüçülük, mini-futbol, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə bacarıqlarını nümayiş etdiririblər. Yarışlarda 40 müəssisədən 1280 nəfər iştirak edib ki, onlardan da 240-ı qadınlar olub.
Atletika yarışları fərdi və komanda üzrə üzrə kişilər və qadınlar arasında aşağıdakı proqram üzrə təşkil olunmuşdu: 100 və 200 metr məsafələrə qaçış, kross qaçışı - kişilər 1500 metr, qadınlar 1000 metr, qaçaraq uzunluğa tullanma və nüvəitələmə. Bu növlərdə hər müəssisədən üç idmançı iştirak edə bilərdi. Ən yaxşı bir nəticə hesabata daxil edilirdi. Hər idmançıya bu proqramın yalnız üç növündə iştirak etmək hüququ verilirdi. Komanda xalları (kişilər və qadınlar ayrılıqda) bütün iştirakçıların tutduğu yerlərin cəmi ilə hesablanırdı. Bu növdə kişilər arasında «Azərneftyağ» Neft Emalı Zavodunun komandası 1-ci yerə çıxdı. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü olub. Qadınlar arasında Heydər Əliyev adına BNEZ liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi ilə «Azərneftyağ» NEZ isə eyni xalla 2-ci və 3-cü yerləri bölüşdürüblər. Atletikanın ailə yarışlarında oğlanlar arasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bütün komandaları üstələyib. «Azərneftyağ» NEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutub. Qızların yarışında Neft Kəmərləri İdarəsi 1-ci olub. Heydər Əliyev adına BNEZ 2-ci, «Neft Daşları» NQÇİ isə 3-cü pillədə qərarlaşıb.

XXI Spartakiada çərçivəsində mini-utbol növündə komandaların tərkibi 8 nəfərdən ibarət idi. Yarış ilkin mərhələdə püşkatmanın nəticəsinə əsasən yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə vəsiqə qazandıqdan sonra mübarizə «uduzub çıxma» sistemi ilə davam etdirilirdi. Bu mərhələdə oyunun əsas vaxtında qalib müəyyən olunmadıqda, qalibi müəyyən etmək üçün 3 altımetrlik zərbədən istifadə edilirdi. Yenə qalib müəyyən edilmirdisə, altımetrlik zərbələr qalibin təyin olunmasına qədər davam etdirilirdi. Final qarşılaşmasında isə 1-ci yerin sahibi oyunun əsas vaxtında müəyyən olunmasa, 10 dəqiqə əlavə vaxt verilirdi. Bu da qalibi müəyyən etməsə, altımetrlik zərbə qaydası tətbiq edilirdi. İdman növləri arasında bu dəfə də ən kütləvisi mini-futbol oldu. Spartakiada boyu ən çox azarkeş cəlb edən növ də elə mini-futbol idi. Altı gün gərgin mübarizə şəraitində davam edən turnirdə finala «Neftqaztikinti» Tresti və «Suraxanı Oyl»-un komandaları vəsiqə qazandılar. Maraqlıdır ki, hər iki komanda mini-futbol yarışının sürpriz komandaları sayılırdı və ikisi də əzmkarlıqları və sərgilədikləri gözəl oyun sayəsində finala qədər irəliləməyi bacardılar. Həlledici final qarşılaşmasında da hər iki komanda baxımlı oyun nümayiş etdirdilər və axıra qədər dayanmadan mübarizə apardılar. Nəticədə daha güclü tərəf olan «Suraxanı Oyl» komandası çətinliklə də olsa, mini-futbol yarışının qalibi adını qazandı. «Neftqaztikinti» Trestinin komandası 2-ci, Təhlükəsizlik İdarəsi isə 3-cü yerə çıxdı.
Üzgüçülük növü kişilər və qadınlar arasında sərbəst üsulla üzməklə ayrılıqda keçirilirdi. Hər komandadan 3 kişi və 3 qadın iştirak edir və ən yaxşı nəticə hesabata daxil edilirdi. Kişilər 50, qadınlar isə 25 metr məsafədə mübarizə aparırdılar. Kişilər arasında Xəzər Dəniz Neft Donanmasının Qəzadan Xilasetmə İdarəsinin nümayəndəsi finişə ən tez çatan iştirakçı oldu. Neft Kəmərləri İdarəsinin təmsilçisi 2-ci, Heydər Əliyev adına BNEZ-in işçisi isə 3-cü oldu. Zərif cinsin nümayəndələri arasında «Neft Daşları» NQÇİ-nin təmsilçisi hamını qabaqladı. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, Neft Kəmərləri İdarəsi ilə Heydər Əliyev adına BNEZ komandaları bölüşdürdülər.
Voleybol yarışı kişilər və qadınlar arasında ayrı-ayrılıqda keçirilirdi. Komandaların tərkibi 8 nəfərdən təşkil olunmuşdu. Oyun 3 hissədən ibarət idi və hər hansı komanda 2 hissəni udurdusa, oyun dayandırılırdı. Xallar taym-brek üsulu ilə hesablanırdı. Yarış ilkin mərhələdə yarımqruplarda, final mərhələsində isə «uduzub çıxma» sistemi ilə keçirilirdi. Bu növdə kişilər arasında «Azərneftyağ» Neft Emalı Zavodunun komandası qalib adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Heydər Əliyev adına BNEZ isə 3-cü yerə çıxdı. Qadınlarda isə elə bu komanda hamıdan üstün oldu. «Azərneftyağ» NEZ 2-ci, «Neft Daşları» NQÇİ isə 3-cü pillədə qərar tutdu.
Stritbol üzrə keçirilən yarışlarda kişilər və qadınlar ayrılıqda yarışır və qaliblər də müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komanda 4 nəfərdən ibarət idi. Oyun iki hissəni əhatə edirdi. Oyun ərzində səbətə düşən hər top 2, cərimədən atılıb səbətə düşən 1, cərimə meydançasının kənarından atılan top isə 3 xal sayılırdı. Bu yarışlarda kişilər arasında «Azərneftyağ» Neft Emalı Zavodu liderliyə yüksəldi. Heydər Əliyev adına BNEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü sırada dayandı. Zəriflərin yarışında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bütün komandalardan üstün oldu. «Neft Daşları» NQÇİ 2-ci, «Azərneftyağ» NEZ isə 3-cü yeri tutdu.

Şahmat turnirində komandanın tərkibi 3 (2 kişi+1 qadın) nəfərdən təşkil olunmuşdu. Qaliblər komanda birinciliyində müəyyən edilirdi. Bu növdə də Bakı Neft Emalı Zavodunun komandası lider oldu. «Azəriqaz» İstehsalat Birliyi ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandaları müvafiq olaraq 2-ci və 3-cü pillələri bölüşdürdülər.
Dama üzrə yarışlarda da komandaların tərkibi və yarışın keçirilmə qaydaları eynilə şahmatda olduğu kimi idi. Dama növündə Nəqliyyat Departamenti 1-ci yerə sahib oldu. Heydər Əliyev adına BNEZ 2-ci, «Azərneftyağ» NEZ isə 3-cü yerə çıxdı.
Daşqaldırma idman növündə hər kollektivdən 5 nəfər iştirak edir (hər çəkidə 1 nəfər) və iştirakçılar çəki dərəcəsinə görə aşağıdakı qruplara bölünürdülər: 65 kq, 75 kq, 85 kq, 95 kq və +95 kq. Yarışlar 24 kq-lıq daşlarla keçirilirdi. Qaliblər daşı yerə qoymadan onun sağ və sol əllə qaldırılma sayının cəmi ilə komanda birinciliyində təyin olunurdu. Daşqaldırmada «Azərneftyağ» Neft Emalı Zavodunun kollektivi gərgin keçən mübarizədən qalib ayrıldı. Heydər Əliyev adına BNEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü sırada qərar tutdu.
Kəndirdartma yarışında komandanın tərkibi 6 nəfərdən ibarət idi. Mübarizələr «uduzub çıxma» sistemi üzrə qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Təhlükəsizlik İdarəsinin komandası ötən il əldən verdiyi liderliyi yenidən geri qaytardı və qalib adına yiyələndi. Ən çox azarkeş dəstəyi qazanan növlərdən biri olan kəndirdartmada ən güclü komandalardan sayılan «Neft Daşları» yalnız final mərhələsində məğlub oldu və 2-ci yeri tutdu. Heydər Əliyev adına BNEZ isə yarışı 3-cü yerdə yekunlaşdırdı.
Darts növündə kişilər və qadınlar ayrılıqda yarışırdılar. Komandanın tərkibi 3 nəfərdən təşkil olunmuşdu. İştirakçıların hər biri divardan asılmış nişangaha 3 metr məsafədən 6 cəhdlə xüsusi kiçik ox atırdılar. Qaliblər komanda üzvlərinin topladığı xalların cəminə görə müəyyən olunurdu. Eyni xal toplamış komandalar öz aralarında qalib müəyyən olunanadək yenidən yarışırdılar. Bu idman növündə kişilər və qadınlar arasında keçirilən yarışların hər ikisində Neft Kəmərləri İdarəsinin komandası 1-ci yerin sahibi oldu. 2-ci və 3-cü yerlərə kişilər arasında müvafiq olaraq Bahar Enerji Əməliyyat Şirkəti və Heydər Əliyev adına BNEZ, qadınlarda isə Heydər Əliyev adına BNEZ və «Neft Daşları» NQÇİ-nin komandaları layiq görüldülər.
Stolüstü tennis üzrə keçirilən yarışlarda hər komandadan 3 nəfər (2 kişi+1 qadın) iştirak edirdi. Oyunlar müəyyən olunmuş qaydalar üzrə keçirilir və qaliblər komanda birinciliyində müəyyən edilirdi. Yarışlar ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə çıxdıqdan sonra mübarizələr «uduzub çıxma» sistemi ilə davam etdirilirdi. Stolüstü tennis yarışın ən güclü komandası Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oldu. Qaz Emalı Zavodu 2-ci, «Neft Daşları» NQÇİ isə 3-cü yeri tutdu.
Nərd növündə komandaların tərkibi 3 nəfərdən ibarət idi. Qaliblər komanda birinciliyində müəyyən olunur, oyunlar «uzun» üsulu ilə keçirilirdi. Marsla qələbəyə 2, oyunla qələbəyə isə 1 xal verilirdi. Yarışda qadınlar da iştirak edə bilərdilər. Hər oyunçu bir tas oynayırdı. «Neft Daşları» NQÇİ nərd yarışının qalibi adını qazandı. «Azəriqaz» İstehsalat Birliyi 2-ci, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandası isə 3-cü sırada dayandı.
Qolgücü yarışında mübarizə kişilər arasında 70 kq, 80 kq, 90 kq və +90 kq çəki dərəcələri üzrə təşkil olunmuşdu. Yarışlar qəbul olunmuş ümumi qaydalar üzrə keçirilirdi. Bu növdə «Azərneftyağ» Neft Emalı Zavodunun komandası liderliyə yüksəldi. Neft Kəmərləri İdarəsi 2-ci, Heydər Əliyev adına BNEZ isə 3-cü pillədə qərarlaşdı.
Güllə atıcılığı üzrə yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi. Komandanın tərkibi 3 nəfərdən təşkil olunmuşdu. Yarış iştirakçıları 10 metr məsafədən nişangaha pnevmatik tapançadan atəş açaraq yarışırdılar. Hər iştirakçıya 10 güllə verilirdi (5-i məşq, 5-i isə yarış üçün). Qalib komandalar onların üzvlərinin topladığı xalların cəminə görə müəyyən edilirdi. Komandaların bir neçəsi eyni xal toplayarsa, bu zaman onlar arasında qalib müəyyən olunanadək üçcəhdli yarış keçirilirdi. Güllə atıcılığı yarışlarında kişilər arasında Neft Kəmərləri İdarəsi ən dəqiq atəş açan komanda adına sahib çıxdı. Heydər Əliyev adına BNEZ 2-ci, «Azərneftyağ» NEZ isə 3-cü oldu. Zəriflərin yarışında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası bütün rəqiblərini qabaqladı. Neft Kəmərləri İdarəsi və «Azərneftyağ» NEZ isə müvafiq olaraq 2-ci və 3-cü pillədə dayandılar.
Beləliklə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (1022 xal) ümumi komanda hesabında XXI Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (965 xal) 2-ci, «Azərneftyağ» Neft Emalı Zavodu (963 xal) isə 3-cü yerə çıxdı.
Qaliblər «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin diplom, medal və qiymətli hədiyyələri ilə təltif olundular.
Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadasına yekun vuruldu.
Tofiq Ataxanoğlu,
Əməkdar jurnalist, «Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri