Peşəkar idmançılar yetirən idman ocağı

Peşəkar idmançılar yetirən idman ocağı

İdmanın ardıcıl , daimi inkişafı bilavasitə uşaq və yeniyetmələrin bu sahəyə cəlb olunmasından asılıdır. Lakin təkcə idmana cəlb etmək, idmanı təbliğ etmək azdır. Əlbəttə, idmanla məşğul olmaq üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnib idmana gəlmiş yeniyetmələrin yarışlarda özlərini sınamasını təmin etmək də lazımdır. Böyük idmanda qazanılan uğurların ardıcıl və davamlı olması, uşaqlarda və gənclərdə istedadın üzə çıxarılması, istedadlıların seçilib nəzarət altına alınmasını
tələb edir.

İdman ölkənin tanınmasında əsas sahələrdən biridir

 Əldə edilən qələbədən sonra dövlət atritubu olan bayrağın qaldırılması, himnin səsləndirilməsi bu və ya digər ölkənin daha yaxından tanınmasına zəmin yaradır. Azərbaycan bu gün dünyanın bütün ölkələri tərəfindən tanınır. respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Dövlətimizin iqtisadi və siyasi gücü Azərbaycanın ən iri dövlətlərlə eyni səviyyədə dayanmasına imkan verir. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi də ölkəmizin şöhrətini ucaldır.
Ölkəmizdə idmanın inkişafında cəmiyyət və klubların rolu danılmazdır. Bu idman ocaqlarında yüzlərlə yeniyetmə və gənc ayrı-ayrı idman növlərinin sirlərinə yiyələnirlər. Onlar ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək mükafatalayiq yerlər tuturlar.
Özünəməxsus ənənələri ilə Azərbaycan idmanı tarixində rol oynayan idman ocaqlarından biri də "Zenit” idman cəmiyyətidir. Tanınmış idmançıların əksəriyyəti məhz bu idman ocağında ilk addımlarını atıblar. Burada cüdo, güləş, boksla yanaşı, taekvondo bölməsi də fəaliyyət götərir. "Zenit” idman cəmiyyətinin taekvondo bölməsində hazırda 40-a yaxın yeniyetmə və gənc bu idman növü ilə məşğul olurlar. "Zenit”də yeniyetmə və gənclərə taekvondonun sirlərini III dan qara kəmər sahibi Ramil Həsənov öyrədir. Ömrünün 23 ilini, idmana həsr edən Ramil müəllim 16 ilə yaxındır ki, məşqçilik fəaliyyəti ilə məşğul olur. 1997-ci ildən "Zenit” idman cəmiyyətinin uğurları üçün çalışan Ramil Həsənovun bir sıra idmançıların yetişməsində xüsusi rolu olub. Təcrübəli məşqçinin rəhbərliyi altında bu illər ərzində "Zenit” idman cəmiyyətinin taekvondoçuları müxtəlif yarışlarda uğurlu nəticələr əldə ediblər.
Ötən illərdə uğurlu nəticələr qazanan idman ocağının taekvondoçuları "İdman ili”ndə də onlara bəslənilən etimadı doğruldublar. Onlar 2012-ci ildə ümumilikdə 6 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. 
"Zenit” İC-in perspektivli taekvondoçularından biri də Bəxtiyar Həsənovdur. Bəxtiyar kiçik yaşlarından idmana böyük maraq göstərib. O, əvvəlcə şotokan karate ilə məşğul olub. Perspektivli idmançı sonradan özünü taekvondo növündə sınamaq qərarına gəlib. Təcrübəli məşqçi Ramil Həsənovun rəhbərliyi altında bu idman növünün sirlərinə yiyələnən Bəxtiyar elə ilk məşqlərdən məşqçinin diqqətini cəlb edib. İdmançımız bir sıra yarışlarda iştirak edərək mükafatalayiq yerlər tutub. Bəxtiyar ötən il keçirilən Azərbaycan çempionatında 45 kq çəki dərəcəsində fəxri kürsünün ən yüusək pilləsində qərarlaşıb. O, 2012-ci ildə Lənkəranda təşkil olunan yarışda uğurlu çıxışına görə yığma komandanın heyətinə cəlb olunub. Taekvondoçumuz hazırda yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Sənan Həşimov və Səbuhi Zülfüqarovun rəhbərliyi altında təcrübəsini artırır. Qeyd edək ki, Bəxtiyar ötən il Tovuz rayonunda şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş turnirdə və Qubada Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda qızıl medal qazanıb. 2013-cü il də yeniyetmə idmançı üçün uğurla başlayıb. Belə ki, o, buyaxınlarda təşkil olunan respublika çempionatında qızıl medala sahib çıxıb. Birinci dan qara kəmər sahibi olan Bəxtiyar Həsənov hazırda Binəqədi rayonu 102 saylı orta məktəbin səkkizinci sinfində oxuyur.
Qarşıda idmançımızı bir sıra yarışlar gözləyir. İnanırıq ki, taekvondoçumuz bundan sonrakı turnirlərdə də ona göstərilən etimadı doğruldacaq.