Veteran gimnast yubileyini qeyd edir

Veteran gimnast yubileyini qeyd edir

Faiq Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. 
O, uşaq yaşlarından idmana böyük maraq göstərib.  
Xalası qızının məsləhəti ilə idman gimnastikası bölməsinə yazılıb. Qeyd edək ki, Faiq Rəcəbovun xalası qızı Züleyxa Hacıyeva azərbaycanlı qadınlar arasında ilk SSRİ idman ustası olub. Faiq müəllim bu idman növünün sirlərinə "Dinamo” idman cəmiyyətində (indiki DİN İC) yiyələnib. Perspektivli idmançı 1948-1951-ci illərdə yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin qalibi, həmçinin yeniyetmələr arasında keçirilən ümumittifaq yarışlarının iştirakçısı olub. Fiziki hazırlığının yüksək səviyyədə olması gimnasta daha çox uğur gətirib.
Faiq müəllim orta məktəbi yaxşı qiymətlərlə bitirərək, Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olub və 1955-ci ildə neft və qaz yataqlarının istismarı mühəndisi ixtisasına yiyələnib. O, tələbəlik illərində (1950-1955-ci illər) Azərbaycanın ali məktəb tələbələri arasında keçirilən spartakiadalarda çempion olub, 1954-1955-ci illərdə SSRİ texniki ali məktəbləri arasında keçirilən yarışlarda mükafata layiq yerlər tutub. 1951-1957-ci illərdə Bakı və Azərbaycan çempionatlarında çempion və mükafatçılar sırasında yer alıb.
O, 1957-ci ildə gənclərin ümumdünya festivalında SSRİ-nin müttəfiq respublikalarının ən yaxşı gimnastları arasında Azərbaycanı təmsil edib.
Yubilyar 1952-1957-ci illərdə Azərbaycanın yığma komandasının heyətində SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının, Zaqafqaziya və Moldova respublikaları arasında keçirilən spartakiadaların iştirakçısı olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan Faiq Rəcəbov ictimai işlərə də ciddi yanaşıb. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi olub və Avropa Olimpiya Komitəsinin Texniki Komissiyanın üzvü seçilib.
Faiq Rəcəbov azərbaycan, rus, ingilis, ərəb, fransız və türk dillərini mükəmməl bilir. Yubilyar əmək fəaliyyəti dövründə bir müddət Azərbaycan neft sənayesində çalışıb. O, 1961-ci ildə Moskvada Ümumittifaq Xarici Ticarət Akademiyasının beynəlxalq - iqtisadçı ixtisası üzrə ali məktəbi bitirib. Faiq müəllim sonralar diplomat və xarici ticarət xidməti üzrə SSRİ-nin ticarət nümayəndəliyində Suriya və Livanda çalışıb, həmçinin Küveytdə SSRİ səfirliyinin ticarət müşaviri vəzifəsində işləyib.
O, 1980-1990-cı illərdə Azərbaycan Nazirlər Kabinetində və Prezident Aparatında şöbə müdiri vəzifəsində çalışıb. Tanınmış idmançı müxtəlif ixrac-idxal kompaniyalarına və sığorta təşkilatlarına rəhbərlik edib. Veteran gimnastın oğlu, qızı və 4 nəvəsi var. Nəvələrindən biri uzun illərdir ki, Azərbaycanın şərəfini ləyaqətlə qoruyan, dünyanın ən güclü şahmatçılardan biri beynəlxalq qrossmeystr Teymur Rəcəbovdur.
Azərbaycanın Gimnastika Federasiyası və Gimnastika Veteranlar Şurası Faiq Rəcəbovu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun sağlam həyat, ailə xoşbəxtliyi arzulayır.