Bakıda birinci Avropa Oyunlarına hazırlıqla bağlı müzakirələr aparılmışdır

Bakıda birinci Avropa Oyunlarına hazırlıqla bağlı müzakirələr aparılmışdır


Sentyabrın 25-də "Abşeron” mehmanxanasında Fransanın Azərbaycandakı səfirliyi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil etmişdir.
Seminarın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ölkəmizdə daha böyük beynəlxalq idman yarışlarının keçirilməsinə imkan yaradacaqdır. Eyni zamanda, Avropa Oyunları Azərbaycan gəncliyinə müsbət enerji gətirəcəkdir. O qeyd etmişdir ki, bu oyunlar həm də gənclərin narkomaniyadan, alkoqoldan və digər zərərli vərdişlərdən çəkindirilməsində də əhəmiyyətli rol oynayacaqdır.
Azərbaycanın idman infrastrukturuna toxunan nazir vurğulamışdır ki, Avropa Oyunları zamanı yeni idman kompleksləri ilə yanaşı, mövcud idman kompleksləri, meydançalar və arenalardan istifadə olunacaqdır. Yeni idman komplekslərinin tikintisinə isə hələ Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə etməmişdən əvvəl başlanılmışdır.
Nazir demişdir ki, Avropa Oyunları zamanı qonaqların yerləşdirilməsi üçün müvəqqəti yaşayış məntəqələrinin tikilməsi də planlaşdırılır.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə çıxışında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına xüsusi hazırlıq görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, Avropa Oyunları ilə bağlı istifadəyə veriləcək Olimpiya stadionunun açılışına UEFA-nın prezidenti Mişel Platininin də gələcəyi nəzərdə tutulmuşdur.
P.Mönye demişdir ki, Azərbaycanda diplomat kimi fəaliyyət göstərdiyi müddətdə Bakının surətli inkişafının şahidi olmuşdur. Onun sözlərinə görə, bu gün paytaxt Bakı Tokionu xatırladır.
Avropa Oyunlarına Bakının uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirən səfir demişdir ki, Azərbaycan Xəzər bölgəsində stabilliyi qoruyub saxlayan bir ölkədir. Burada digər millətlərin nümayəndələri də yaşayır və ölkə böyük qonaqpərvərlik ənənələrinə malikdir.
Seminarın təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil edildiyini bildirən diplomat demişdir: "Azərbaycan "Eurovision” mahnı müsabiqəsində uğur qazandı. Amma bu sadəcə mahnı müsabiqəsi idi. Avropa Oyunları daha vacib bir tədbirdir”.
Səfir əldə edilmiş nailiyyətlərlə yanaşı, həllini gözləyən bir sıra məsələlərin olduğunu da diqqətə çatdırmışdır.
Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirən Avropa Oyunlarının icraçı direktoru Cim Şerr bildirmişdir ki, bu oyunlara hazırlıq üçün ayrılan büdcədən məhsuldar şəkildə istifadə olunur.
Çıxışlardan sonra seminar "Şəhərlərin formalaşmasında oyunlar” və digər mövzularda təqdimatlarla davam etmişdir.