Uşaq Paralimpiya Komitəsi yaradılır

Uşaq Paralimpiya Komitəsi yaradılır

Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya komitəsinin icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. İclasda dünyada ilk dəfə Uşaq Paralimpiya Komitəsi təsis ediləcək və onun inkişaf konsepsiyası təsdiq ediləcək. Uşaq Paralimpiya Komitəsinin yaradilmasinda məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmalarına şərait yaratmaqdır. Komitə belə uşaqların abilitasiya və reabilitasiyası ilə də məşğul olacaq və onların cəmiyyətə inteqrasiyasını təmin edəcək.
Qeyd edək ki, paralimpiya idmanı Azərbaycanda yarandığı gündən dinamik inkişaf mərhələsi keçir. Son 5 paralimpiya oyunlarında iştirak edən idmançılar 27 medal (8 qızıl, 10 gümüş, və 9 bürünc) qazanıblar. Belə ki, 1996-cı ildən 2 idman növü ilə fəaliyyətə başlayan Paralimpiya Hərəkatı, hazırkı inkişaf mərhələsində 10 idman növündə yüzlərlə idmançını öz ətrafına toplamağa müvəffəq olmuşdur. Paralimpiyaçılarımız 2012-cı il XIV London Yay Paralimpiya Oyunlarında qazanılan 12 medalla 166 ölkə arasında 27-ci yeri tutmuşlar. Belə bir yüksək nəticə, təbii ki, ölkədə idmanın bütün növlərinə, o cümlədən paralimpiyaya verilən yüksək səviyyəli diqqət və dövlət qayğısının təzahürüdür.