“Ümid edirəm ki, kikboksçular etimadı bu il də doğruldacaqlar”

“Ümid edirəm ki, kikboksçular etimadı bu il də doğruldacaqlar”


Ölkəmizdə idman və Olimpiya Hərakatı yüksək sürətlə inkişaf edir. İdmançılarımızın qazandıqları uğurlar getdikcə artır. Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya növləri də özünün inkişaf dövrünü yaşayır. Lakin elə idman növləri var ki, onlar Olimpiya idman növü olub- olmamasından asılı olmayaraq, çox populyardır. Belə idman növlərindən biri gənclərin böyük maraq göstərdiyi kikboksinq idman növüdür. Bu idman növünun hazırkı vəziyyəti və federasiyanın fəaliyyəti barədə bizə məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin fikirlərini oxucularımızla bölüşürük.

"Bu gün hamımız idmana göstərilən diqqət və qayğının, idmanda olan inkişafın şahidiyik. Ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir . Eləcə də idmanda. İdmanın bütün növlərində inkişaf özünü göstərir. İdmançılarımız beynəlxalq arenalarda, Olimpiya oyunlarında, dünya və Avropa cempionatlarında ölkəmizi layiqincə təmsil edirlər ", - deyə federasiya prezidenti Adil Əliyev bildirdi. Kikboksinqin ölkəmizdə böyük populyarlıq qazandığından bəhs edən federasiya rəhbəri əlavə etdi ki, bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf etməkdədir.


"İnanırıq ki, ölkəmiz bu möhtəşəm idman tədbirinə yüksək 
səviyyədə ev sahibliyi edəcək”

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Adil Əliyev Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında yer aldığını dedi. Federasiya prezidenti 2012-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu xatırlatdı. "2012-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "İdman ili” kimi qeyd olundu. Sevindirici haldır ki, təmsilçilərimiz ötən il keçirilən London Olimpiadasında 10 medal qazandılar. Bu, ölkəmiz üçün böyük uğurdur. Əlamətdar hadisələrdən biri də 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinin qərara alınmasıdır. İnanırıq ki, ölkəmiz bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə ev sahibliyi edəcək”, - deyə federasiya prezidenti bildirdi.
Adil Əliyev ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də diqqət və qayğı göstərildiyini dedi. Ölkəmizdə kikboksinqin kifayət qədər populyarlığa malik olduğunu deyən federasiya prezidenti bu növün inkişafı istiqamətində böyük işlərin görüldüyünü qeyd etdi. Bu idman növünün regionlarda da inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyən Adil Əliyev əldə olunan uğurların dövlət səviyyəsində qiymətləndirildiyini , 2013-cü ildə də kikboksçuların onlara bəslənilən ümidləri doğruldacaqlarına inandığını bildirdi.

"Gənclərin idmanla məşğul olmaları onların təkcə sağlam yaşamaları üçün deyil, həm də
sağlam düşünmələri üçün vacibdir”
"Ən önəmlisi odur ki, bu gün kikboksinqlə məşğul olan gənclər həm də vətənin layiqli keşikçiləri sırasında yer alırlar. Düzdür, idmanla məşğul olmaq hamı üçün vacibdir, lakin oğlanlar üçün idman etmək, idmançı olmaq böyük üstünlükdür. Çünki onlar vətənin müdafiəsində dayanırlar. Fiziki cəhətdən güclü əsgər isə özünə daha çox güvənir”, - deyə federasiya prezidenti qeyd etdi. Adil müəllim əlavə etdi ki, gənclərin idmanla məşğul olmaları onların təkcə sağlam yaşamaları üçün deyil, həm də sağlam düşünmələri üçün vacibdir. "Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Bu baxımdan, gənclərimizin belə bir idman növü ilə məşğul olmaları çox vacibdir. Biz idmançılarımızdan hər zaman qələbələr, nailiyyətlər gözləyirik. Ümid edirəm ki, kikboksçular etimadı bu il də doğruldacaqlar”, - deyə federasiya rəhbəri əlavə etdi. Qeyd edək ki, federasiyanın əsas məqsədlərindən biri narkomaniya və uşaq cinəyatkarlığına qarşı mübarizə aparmaqdır.
Söhbətimiz zamanı federasiyasının baş katibi Rüstəm Rüstəmov da kikboksinqə olan marağın getdikcə artdığından, idmana göstərilən dövlət qayğısından bəhs etdi. "Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, artıq respublikamız idman ölkəsi kimi tanınıb. Respublikamızda inkişaf etmiş idman növlərindən biri də kikboksinqdir. İstər paytaxtımızda, istərsə də regionlarımızda bu idman növünə olan maraq günü-gündən artmaqdadır”,- deyə Rüstəm müəllim bildirdi. O qeyd etdi ki, bu növün populyarlığını artırmaq üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev tərəfindən böyük işlər görülür, federasiya tərəfindən idmançılara müvafiq imkanlar, onların beynəlxalq yarışlarda çıxışları üçün şərait yaradılır. Qeyd edək ki, ötən il kikboksçular müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, bayrağımızı yüksəklərə qaldırmışlar. Belə ki, 2012-ci ilin oktyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında 16 kikboksinqçi ölkəmizi təmsil etmiş, 2 gümüş, 3 bürünc olmaqla, 5 medal qazanmışlar. Slovakiyada yeniyetmələr və gənclər arasında keçirilən dünya çempionatında isə idmançılar vətənə 17 medalla (1 qızıl, 4 gümüş, 12 bürünc) qayıdıblar. Bundan başqa, kikboksçular ölkə cempionatlarında da həvəslə iştirak edirlər.


"Kikboksinqə olan maraq getdikcə artmaqdadır”

Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyası 20 illik tarixə malikdir. Bu zaman ərzində federasiya idmanın inkişafı və kütləviləşməsinə öz töhfələrini verib.
Kikboksinq üzrə ilk qızıl medal 1995-ci ildə Ukraynanın Kiyev şəhərində WAKO versiyası üzrə keçirilən dünya cempionatında əldə olunub. Həmin yarışda digər iki kikboksçumuz da vətənə medallarla qayıdıblar. Bu ilk nailiyyətlərdən sonra kikboksinq milli komandası beynəlxalq arenada qazandığı nailiyyətlərə start verib. Milli komandanın ilk idmançıları və veteranlarından Roman Tağıyev, Canpolad Budaqov, Ceyhun Şadlinski, Eduard Məmmədov, Emil Kərimovun adını çəkmək olar. Beynəlxalq arenada ilk qızıl medallara Fariz Məmmədov, Şaban Şahpələngov, Elçin Bayramov kimi idmançılar sahib olublar.
Qeyd etmək lazımdır ki, federasiyanın fəaliyyəti son illər daha da sürətlənib. Federasiyanın prezidenti Adil Əliyevin rəhbərliyi altında vitse- prezidentlər Namiq Əsgərov, Güloğlan Cabbarov, Ramiz Quliyev, baş katib Rüstəm Rüstəmov, milli komandanın rəisi Sadıx Bağırov kikbioksinqin daha da inkişaf etməsinə çalışırlar. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov, gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev həm də respublikanın əməkdar məşqçiləridir. Əməkdar məşqçi Fəxrəddin Quliyev, məşqçilər Ceyhun Abbasov, Rəhim Allahverdiyev, Elşən Abdurəhmanov isə yığma komandanın təcrübəli mütəxəssisləridir. Onlar kikboksinqin sirlərini idmançılara böyük həvəslə öyrədirlər.
Qeyd edək ki, milli komandanın keçirdiyi məşqlər federasiyanın vites-prezidenti Güloğlan Cabbarovun, Namiq Əsgərovun, Ramiz Quliyevin və milli komandanın rəisi Sadıx Bağırovun da diqqətindən kənarda qalmır. Milli komandanın hazırlıq səviyyəsi, idmançıların psixoloji vəziyyəti federasiya rəhbərliyini maraqlandıran önəmli məqamlardandır. Sirr deyil ki, idmanla məşğul olan və uğur qazanan bütün idmançıların fiziki hazırlığı ilə bərabər, onların psixoloji vəziyyəti də önəmli yer tutur. Bu baxımdan kikboksçularımız federasiya rəhbərliyinin daimi diqqəti əhatəsindədirlər. Qeyd edək ki, idmançıların problemləri ilə maraqlanan, onlara səmimi münasibət göstərən federasiya prezidenti Adil Əliyev belə məqamlara xüsusi diqqət yetirir. Bu isə ömrünü idmansız təsəvvür etməyən federasiya rəhbərinin idmançılara verdiyi dəyərdən irəli gəlir. Bunu yığma komandanın üzvləri ilə olan söhbətlərimiz də təsdiqləyir. Unutmaq olmaz ki, rəhbərlik tərəfindən diqqət, qayğı və səmimiyyət görən idmançılar daim qələbəyə can atır, daha böyük uğurlara nail olmağa çalışırlar.
Qeyd edək ki, bu gün ölkəmizdə fəaliyyət göstərən klub və cəmiyyətlərdə 10 minə yaxın yeniyetmə və gənc kikboksla məşğul olur. Ölkədə fəaliyyət göstərən 100-ə yaxın klub və cəmiyyətlərdə gənc idmançılar bu idman növünün sirlərinə yiyələnirlər. Kikboksçularımız 2013-cü ildə də bir sıra beynəlxalq və ölkədaxili yarışlarda qüvvələrini sınayacaqlar. Mart ayında Almanıyada peşəkarlar arasında keçiriləcək beynəlxalq turnirə kikboksçularımız böyük həvəslə hazırlaşırlar. Aprel ayında isə kişilər və kadetlər arasında Azərbaycan çempionatı keçiriləcək. Kişilər, gənclər və yeniyetmələr arasında dünya çempionatı isə Atstriyada olacaq. İsmayıllıda keçiriləcək gənclər və yeniyetmələrin respublika birinciliyində də kikboksçular qüvvələrini sınayacaqlar. Bundan başqa, kikboksçularımızı Braziliyada kişilər arasında təşkil olunacaq dünya və Antalyada keçiriləcək Avropa çempionatı gözləyir. Həmçinin, kişilər, yeniyetmələr və gənclər arasında Macarıstanda keçiriləcək dünya kubokunda və Asiya Oyunlarında idmançılarımız güclərini sınayacaqlar. Kikboksçularımızı İtaliyada keçiriləcək "Best Fighter " Dünya kuboku, kadetlər və gənclər arasında Avropa çempionatı da gözləyir. Ümid edirik ki, onlar beynəlxalq yarışlardan vətənə medallarla qaylıdacaq, bayrağımızı zirvələrə ucaldacaqlar.