Palembanqda qazanılan medallarımızın sayı artır

Palembanqda qazanılan medallarımızın sayı artır

İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunları davam edir. Yarışlarda ölkəmiz 9 idman növündə 54 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan yığmasının aktivində 22 medal var ki, bunlardan 6-sı qızıl, 8-i gümüş, 8-i isə bürüncdür. Bu medallar karate, üzgüçülük, ağırlıqqaldırma, atletika, taekvondo və kamandan oxatma idman növlərində əldə olunub. Onlardan 5-i (3 qızıl, 2 gümüş) karateçilərimizin, 4-ü (2 qızıl, 2 bürünc) atletlərimizin, 3-ü üzgüçülərimizin (1 qızıl, 1 gümüş, 1 bürünc), 5-i (3 gümüş, 2 bürünc) ağırlıqqaldıranlarımızın, 4-ü (1 gümüş, 3 bürünc) taekvondo, 1-i (gümüş) kamandan oxatma üzrə yığma komandanın payına düşür.
Ötən sayımızda idmançılarımızın Palembanqda keçirilən III İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri 13 medal haqqında məlumat vermişdik. Bundan başqa, yığma komandamıza medal qazandıran idmançılarımızdan eksklüziv olaraq qısa müsahibələr götürüb, oxucularımıza təqdim etmişdik. Xatırladaq ki, Azərbaycan millisi aktivinə növbəti medallları atletika, taekvondo və kamandan oxatma növündə əlavə edib. Maraqlıdır ki, hər üç növ Olimpiya idman növü sayılır.


Atletika
Atletikanın çəkic atma növü üzrə keçirilən yarışda təmsilçimiz Dmitri Marşin bürünc medala layiq görülüb. Atletimiz çəkicini 70,68 m məsafəyə tullayıb. Məlumat üçün bildirək ki, Dmitrii Marşin Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil etmişdi.
Olimpiadaya 1096 nömrəsi ilə qatılan atletimiz mübarizəyə B qrupunda başlamışdı. 12-cı sıra nömrəsi ilə gücünü sınayan idmançımız ilk cəhdində 72,06 m nəticə göstərmişdi. Növbəti atışını düzgün yerinə yetirə bilməyən Marşın sonuncu sınağında göstəricisini yaxşılaşdırsa da (72,85 m), bu, ona mərhələ keçmək üçün kifayət etməmişdi. Beləliklə, atletimiz London Yay Olimpiya Oyunlarını 20-ci yerdə bitirmişdi. Onun finala yüksəlməsinə 1,84 m-i çatmamışdı.
Atletimiz Hayle İbrahimov 5000 m məsafəyə qaçışda finiş xəttinə 1-ci çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məlumat üçün bildirək ki, Hayle İbrahimov bundan əvvəl atletika üzrə Avropa çempionu adını qazanmışdı. Efiopiyalı legioner İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən qitə çempionatında 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medala sahib çıxmışdı.

O, seçmə mərhələdə olduğu kimi, finalda da bütün rəqiblərini üstələyib. Atletimiz finişə 7 dəqiqə 49,74 saniyəyə çatmışdı. Qeyd edək ki, Hayle İbrahimov Avropa çempionu olmaqla təkcə öz karyerası ərzində deyil, müstəqil Azərbaycanın atletika növü tarixində ən böyük uğura imza atmışdı. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında isə o, 5000 metr məsafəyə qaçışda finaladək yüksəlsə də, 9-cu olmuşdu.
Hayle İbrahimovdan sonra yığma komandamıza qızıl medalı Yekaterina Sarıyeva qazandırıb. O, 3 təkanla tullanma yarışlarında bütün rəqiblərini qabaqlayıb. 5000 m məsafəyə qaçışda isə Layeş Abdullayeva bürünc medal əldə edib.

Kamandan oxatma

Bakı-2015-də iştirak
məqsədi ilə yaradılan kamandan oxatma komandamız da İndoneziyada ümidləri doğruldub. Heyətində Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov millimiz bu növ üzrə yarışlarda gümüş medala layiq görülüb.

Taekvondo

Taekvondoçularımız da onlara bəslənilən ümidləri doğruldurlar. Bu idman növündə ölkəmiz hələlik 4 medala (1 gümüş, 3 bürünc) yiyələnib. Yığmamıza növbəti gümüş medalı 57 kq çəki dərəcəsində çıxış edən atletimiz Günay Ağakişiyeva qazandırıb. Mikayıl Əliyev (54 kq), Türkanə Tahirli (46 kq), Patimat Abakarova
(49 kq) isə bürünc medala layiq görülüblər.
Bu gün yığmamızın heyətində yer alan digər taekvondoçumuz Elvin Məmmədov (74 kq) medal uğrunda döyüşə çıxacaq.