Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti matçını keçirəcək.
"Olimpnews"un məlumatına görə, 35 yaşlı qrossmeyster X turda qara fiqurlarla FIDE bayrağı altında yarışan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib. Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) uduzan Rəcəbov yeganə qələbəsini son turda Nakamura üzərində qazanıb.
9 turdan sonra aktivində 4 xal olan Azərbaycan təmsilçisi Rapport və Firuzca ilə birlikdə 5 - 7-ci yerləri bölüşdürür. Nepomnyaşi isə 6,5 xalla turnir cədvəlinə başçılıq edir.