Poliatlonçular Siyəzəndə yarışıblar

Poliatlonçular Siyəzəndə yarışıblar

Siyəzəndə X-XI sinif şagirdləri arasında payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və məktəbli şagirdlərin hərbi idman oyunlarına kütləvi şəkildə cəlb olunmasından ibarət olub. Turnirdə şəhər və kənd tam orta məktəblərindən, ümumilikdə, 14 komanda qalib adı uğrunda mübarizə aparıb.
Şəhər stadionunda təşkil olunan yarışda komandalar 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə yarışıblar.
Gərgin mübarizə şəraitində keçən yarışda şəhər 1 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. Gil-gil çay qəsəbə tam orta məktəbinin komandası ikinci, şəhər 3 saylı tam orta məktəbinin komandası isə üçüncü yerlə kifayətləniblər.
Qalib komandalar rayonun Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, birinci yeri tutan 1 saylı tam orta məktəbin komandası payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə oktyabr ayında keçiriləcək respublika çempionatının zona mərhələsinə vəsiqə qazanıb.