Cəzaçəkmə Müəssisəsində voleybol və şahmat üzrə turnir keçirilib

Cəzaçəkmə Müəssisəsində voleybol və şahmat üzrə turnir keçirilib


Sentyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnirin final mərhələsi keçirilib. Yarışın həlledici mərhələsində "Şahin” və "Muğan” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışda "Şahin” komandasının voleybolçuları birinci yerə layiq görülüblər. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. 

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüqar Bağırov və digər şəxslər iştirak ediblər. Mərasimdə çıxış edənlər keçirilən tədbirlərin məhbusların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

*  *  *  *

Sentyabrın 20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin Tərbiyə Müəssisəsində şahmat üzrə turnir keçirilib.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 8 nəfər qalib adı uğrunda yarışıb. Gərgin mübarizə şəraitində keçən yarışda Fuad Həsənov I yerə layiq görülüb. Cavad Ağayev ikinci, Arif Əliyev isə üçüncü yeri tutub.
Sonda turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə baş leytenantı Əşrəf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.