Uşaq Paralimpiya Komitəsi yaradıldı

Uşaq Paralimpiya Komitəsi yaradıldı

Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirildi. Dövlət qurumlarının, xarici ölkə səfirliklərinin, ali məktəb, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirak etdikləri iclası AMPK-nın prezidenti İlqar Rəhimov açdı.
O, çıxışında qeyd etdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 2 idman növü ilə fəaliyyətə başlayan Paralimpiya Hərəkatı inkişafının hazırkı mərhələsində 11 idman növündə yüzlərlə idmançını öz ətrafına toplayıb. Toplantıda bildirildi ki, Azərbaycanda paralimiya inkişaf edir və bundan sonra da inkişaf edəcək. Paralimpiyaçıların 2012- ci il XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları uğurlu nəticələrdən danışan komitə prezidenti əlavə etdi ki, paralimpiyaçılarımız 12 medalla166 ölkə arasında 27-ci yerə sahib olublar. Qeyd edildi ki, əldə olunan nailiyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il XV Rio de-Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar komitə tərəfindən "Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) Strateji Fəaliyyət Planı” təsdiq edilmişdir. Planda respublikanın bütün regionlarında Paralimpiya Hərəkatının genişləndirilməsi məqsədilə peşəkar paralimpiyanın inkişafı, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi və s. öz əksini tapmışdır.
Məlumat üçün bildirək ki, respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştirakına nail olaraq, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması işini sürətləndirmək məqsədilə AMPK-nın nəzdində Paralimpiya Hərəkatının yaradılması üçün komitənin işçi qrupu təsis edilib, tədbirlər planı təsdiq olunub. İclasda "AMPK-nın nəzdində Uşaq Paralimpiya Hərəkatının inkişafına dair (2013-2016-cı illər üçün) Konsepsiya” müzakirə olunaraq təsdiq edildi. AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul edildi, qurumun 13 nəfərdən ibarət idarə heyəti təsdiq edildi. Bildirildi ki, AMPK-nın birinci vitse- prezidenti Natiq Qasımov komitənin idarə heyətinin sədri, qurumun İnkişaf, informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov isə idarə heyəti sədrinin müavini, icraçı direktor vəzifələrinə təyin edildi.
İclasda Milli Məclisin deputatı Rauf Əliyev, milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev, AMPK-nın vitse-prezidenti Şaiq Həmidov, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, 1-ci qrup əlil İlham Məhərrəmov, "Müşfiq” İctimai Birliyinin rəhbəri Validə Abbasova, "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev, "DAN” İctimai Birliyinin sədri Gülarə Teymurova, "Odlar Yurdu” Universitetinin informasiya-kommunikasiya texnologiyaları üzrə prorektoru, "Elektron təlimləndirən sistemlər” layihəsinin rəhbəri Salam Əliyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov və "Əlil idmançılara dəstək” İctimai Birliyinin sədri Vüsalə Kərimova çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər. Qeyd olundu ki, dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyəsinə, Paralimpiya Hərəkatına göstərilən dövlət qayğısının təzahürüdür. Bu, sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olması ilə yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasının təmin olunması deməkdir. İclasın sonunda AMPK-nın paralimpiya komandasının kapitanı, ikiqat paralimpiya və dünya, dördqat Avropa çempionu İlham Zəkiyev Uşaq Paralimpiya Hərəkatına qoşulmaq istəyən ilk təşəbbüskar, qılıncoynatma idmanı ilə məşğul olmaq istəyən Bakı Uşaq Bərpa Mərkəzində reabilitasiya keçən 14 yaşlı Əlivahid Zeynallıya və cüdo idmanı ilə məşğul olan 9 yaşlı Murad Məmmədova Uşaq Paralimpiya Komitəsinin yaranması münasibətilə xatirə medalı və AMPK-nın bayrağını hədiyyə etdi.