Dünyanı heyrətləndirən "Fransız mələyi"

Dünyanı heyrətləndirən "Fransız mələyi"

Hər kəs asudə vaxtını fərqli keçirməyi sevir. Kimi idmanla məşğul olur, kimi kitab oxuyur, kimi isə film və ya cizgi filminə baxmağı xoşlayır. Xüsusən uşaqlar üçün lentə alınan cizgi filmlərini böyüklər də sevərək izləyirlər. Maraqlıdır ki, bəzən cizgi film qəhrəmanları inanılmaz dərəcədə real həyatda mövcud olan insanlara bənzəyirlər. Həmin oxşarlıqlardan biri də restlinq üzrə dəfələrlə çempion adını qazanan Moris Tiyedir. Yəqin ki, Moris Tiyenin şəklini görən bir çoxları onu məşhur cizgi filmi qəhramanı Şrekə bənzədiyini təsdiq edər. Hətta bəziləri "Şrek" cizgi filminin əsas qəhrəmanı olan "Şrek" personajının prototipinin Moris Tiye olduğunu bildirsələr də, bunun rəsmi təsdiqi hələ ki mövcud deyil.

 

Moris Tiyenin bütün dünyada məşhurlaşmasına isə cizgi filmi deyil, gözlənilmədən inkişaf edən xəstəliyi səbəb oldu. Akromeqaliya (insan sümüklərinin, xüsusi ilə kəllə sümüyünün qeyri-proporsional inkişafı və deformasiya olması) xəstəliyindən əziyyət çəkən Moris yaşıdları tərəfindən dəfələrlə gülünc obyektinə çevrilirdi. Amma insanların onun xəstəliyini ələ salması Morisə uğur qazanmasına və insani keyfiyyətlərini itirməsinə mane olmadı.

Moris Tiye 1903-cü il oktyabrın 23-də Rusiyada (Ural) anadan olub. Valideynləri Fransadan gələn emiqrantlar olan Morisin anası müəllimə, atası isə dəmiryolu mühəndisi idi. Maraqlıdır ki, o, kiçik yaşlarında öz yaşıdlarından heç nə ilə fərqlənmirdi. Əksinə, özünün saf və mülayim görünüşü ilə onlardan seçilməsi, ətrafdakıların ona "mələk" ləqəbi verməsinə səbəb oldu. Lakin heç kəs bilmirdi ki, gələcəkdə bu "mələk" oğlan bəzi insanlarda vahimə və qorxu yaradacaq.

Bir müddət Rusiyada yaşayan M.Tiyenin ailəsi 1917-ci ildə inqilabdan canlarını qurtarmaq üçün yenidən Fransaya köçmək qərarına gəlir. Həmin vaxt 14 yaşı olan Morisdə onu gələcəkdə tanınmaz dərəcədə dəyişən xəstəliyin ilkin əlamətləri hiss olunurdu.

 

 

Arzuları yarıda qoyan

amansız xəstəlik

 

Moris Tiyenin 17 yaşı olanda onun üzü, əl və ayaqları artıq deformasiya olunmuşdu. Gənc oğlanın xarici görünüşünün hansı səbəbdən dəyişməsinin təyin edilməsi isə həkimlərin iki ilini aldı. Nəhayət, gələcəyə böyük ümidləri olan oğlanda akromeqaliya xəstəliyinin mövcud olduğu təsdiqləndi.

Beləliklə, zamanla onun "mələk" xarici görünüşündən əsər-əlamət belə qalmadı. Bu isə insanların onu qəddarcasına ələ salmasına gətirib çıxardı. Sonralar Moris Tiye insanların onu ələ salmağından və özünə necə təsəlli verdiyindən danışırdı. "Yaşıdlarım mənə "meymun" deyərək ələ salırdılar. Təbii ki, bu məni çox incidir, qəlbimi qırırdı. Əlbəttə, bu kimə xoş gələ bilər axı?! Gülüşlərdən canımı qurtarmaq üçün tez-tez qayıqların saxlanıldığı yerə gedib, vaxtımı dənizin sahilində keçirirdim. Xoşbəxtlikdən orada olan insanlara mənim necə göründüyüm maraqlı deyildi".

Ətrafdakı gülüşlərə və məsxərəyə qoyulmasına baxmayaraq, o, dərslərində və idman sahəsində uğurlar qazanmağa davam edirdi. Əla reqbi oynayan Moris, hətta, 1926-cı ildə İngiltərənin kralı Qeorqun əl sıxmasına belə layiq görülüb. Bundan əlavə, M.Tiye əla şahmat oynayır və beş dildə (fransız, rus, litva, bolqar, ingilis) danışa bilirdi. Moris bir müddət sonra hüquq fakültəsinə qəbul oldu. Amma təəssüf ki, zamanla onun xəstəliyi inkişaf edərək, səs tellərini zədələməyə başladı. Məhz buna görə, o, tədrisini yarıda buraxıb, özünə başqa peşə seçmək qərarına gəldi.

"Bəlkə də, mən bu sifətlə vəkil ola bilərdim. Amma düşünürəm ki, uzunqulağın səsinə bənzəyən səsimi dinləmək mümkün olmayacaqdı. Buna görə də, mən hərbi dəniz qüvələrinə yollandım".

 

 

"Fransız mələyi"

 

Kim bilir, bəlkə də, Moris hərbi sahədə uğurlu karyeraya sahib ola bilərdi, amma tale onun üçün yenidən gözlənilməz dönüş etdi. Beş il qayıqda mühəndis işlədikdən sonra o, özünü kino sahəsində sınamaq qərarına gəldi. Kiçik komik rollarda yer alan Moris bir müddət sonra bu sahədə uğur qazana bilməyəcəyini anlayıb, yenidən fəaliyyət sahəsini dəyişərək, film studiyasının mühafizəsində işə başladı.

1937-ci ildə Moris Tiyenin həyatı birdəfəlik dəyişdi. Belə ki, o, təsadüfən Litva əsilli peşəkar restler Karl Podjello ilə tanış oldu. Hər kəsdən fərqli olaraq, Karl gənc oğlanın fiziki görünüşünü yüksək qiymətləndirdi. Nəticədə isə K.Podjelo Morisi ABŞ-a köçməyə və peşəkar şəkildə restlinq ilə məşğul olmağı yola gətirdi.

Məhz bu sahədə onun qeyri-standart xarici görünüşü və uğurlu keçmişi Morisə irəli getməyə kömək oldu. Ləqəb kimi isə o, uşaqlıq ləqəbi olan "Fransız mələyi" ifadəsini istifadə edirdi. Tezliklə "mələk" bütün dünyada məşhur oldu. Restlinq Morisə ağır çəkidə iki dəfə dünya çempionu adını və dünya şöhrətini qazandırdı.

 

Tamaşaçının sevimlisi

 

Xüsusi xarizmaya sahib olan döyüşçü qısa müddətdə geniş tamaşaçı kütləsinin sevgisini qazanmağa nail oldu.

Morisin məşhur "ayı tutuşu" fəndi ona dəfələrdə qələbə qazandırdı. "Fransız mələyi" xarici görünüşü, idman sahəsindəki uğuru və insani keyfiyyətləri ilə Avropanı fəth etdikdən sonra Amerika tamaşaçılarının sevimlisinə çevrildi. Moris Tiyenin restler karyerası nə az, nə çox düz 20 il davam etdi. Bu müddət ərzində o, dəfələrlə çempion adına layiq görüldü. Lakin sərt və bəzən də qəddar görünüşünə baxmayaraq, Moris insani hisslərini və həssaslığını heç vaxt itirmədi. O, xeyriyyə məqsədli kompaniyalar təşkil edərək, toplanan vəsaiti uşaq evlərinə və xəstəxanalara köçürürdü.

Bundan əlavə, Moris Tiye yeganə restler idi ki, Roma Papası Piyunun qəbulunda iştirak etmişdi. İllərdir insanlar tərəfindən ələ salınan restlerin artıq öz xarici görünüşü ilə bağlı zarafatları qəbul etməsi adi hala çevrilmişdi. Belə ki, o, bir dəfə hətta muzeydə neandertal adam kimi insanların qarşısına çıxmışdı. Bu, yalnız muzeyə gələn tamaşaçıların deyil, həmçinin Morisin özünün də gülüşünə səbəb olmuşdu.

 

 

Ölümün belə ayıra

bilmədiyi dostlar

 

Moris və onun məşqçisi Karl yalnız iş yoldaşı deyil, həmçinin çox yaxın dost oldular. Təsadüf ya qismətdən hər ikisinin səhhətində eyni vaxtda problemlər yaranmağa başladı. Belə ki, Karlın ağ ciyərində xərçəng, Morisdə isə akromeqaliya xəstəliyi səbəbindən mövcud olan xroniki xəstəliklər şiddətlənməyə başladı.

Bununla da, Karl Podjello 1954-cü il sentyabrın 4-də dünyasını dəyişdi. Moris Tiye isə dostunun acı xəbərini aldıqdan bir neçə saat sonra ürəyi dayanaraq vəfat etdi. Onların yaxınları isə illərin dostlarını ölümdən sonra belə ayırmaq istəməyərək, hər ikisini bir məzarda dəfn etdilər. Dostların baş daşlarında isə "dostları ayırmağa hətta ölümün belə gücü çatmadı" ifadəsi həkk olunub.

Kim bilir, Moris Tiyenin xəstəliyi olmasa idi, onun taleyi necə olacaqdı? Bəlkə də, o, arzusunu həyata keçirib, vəkil olacaqdı. Lakin onun bu sahədə belə məşhur olub, böyük uğur qazanması hələ də sual altındadır.

 

 

 

Türkay Niftəliyeva