“Qarabağ” Çempionlar Liqasının pley-ofuna vəsiqə qazandı

“Qarabağ” Çempionlar Liqasının pley-ofuna vəsiqə qazandı

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. “Qarabağ” klubu cavab oyunu çərçivəsində Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 7-ci dəqiqədə açılıb. Rəqibi əks-hücumda yaxalayan “köhlən atlar” Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 55-ci dəqiqəsində isə Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsindən İbrahima Vadji yararlanıb -0:2. Matçda növbəti qol 75-ci dəqiqədə vurulub. Vadji baxımlı hücumu məntiqi sonluqla çatdıraraq dubla imza atıb. 83-cü dəqiqədə meydanda insident baş verib. “Qarabağ”ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb. Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu mərhələdə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

"Qarabağ" bu qələbə ilə UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.