Roildə Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçiriləcək

Roildə Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçiriləcək

Oktyabrın 4-ü saat 17:00-da Respublika Olimpiya İdman Liseyində (ROİL) Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) təşkilatçılığı ilə ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının təbliği ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftəhətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov, vaxtilə ROİL-də təhsil almış veteran idmançı, məşqçi və mütəxəssislər, tanınmış idmançılar, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri işitirak edəcəklər. Tədbirdə ROİL-in fəaliyyəti dövründə fərqlənmiş idman mütəxəssisləri, idmançılar, məşqçilər, fəxri qonaqlara və s. AzƏOK-un müxtəlif nominasiyaları üzrə mükafatları təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Ədalətli Oyunlar Hərəkatı ötən əsrin 60-cı illərində yaranıb. 1963-cü il dekabrın 5-də Parisdə ədalətli oyunlar üzrə Pyer de Kuberten Fondu təsis edilib, 1973-cü il mayın 29-da isə bu fond Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CİFP) adı alıb. Belə bir qitə təşkilatının yaradılması ideyası da ötən əsrin ikinci yarısından müxtəlif toplantılarda səslənib. 1994-cü ildə İsveçrənin Sürix şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatı (EFPM-European Fair Play Movement) adlanan təşkilat yaradılıb. Təşkilatın əsas məqsədi idmanda və gündəlik həyatımızda ədalət prinsiplərini təbliğ etmək, idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrıseçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaqdır.
Avropa Ədalətli Oyunlar Hərəkatını 42 dövlət təmsil edir. Azərbaycan Ədalətli Oyunlar Komissiyası (AzƏOK) 1997-ci ildə Milli Olimpiya Komitəsinin nəzdində yaradılıb. Ölkəmiz 1998-ci ildən Avropa Ədalətli Oyunlar Hərəkatının üzvüdür. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri dünya və Avropa çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevdir.