Azərbaycan III İslam Həmrəyliyi Oyunlarını uğurla başa vurdu

Azərbaycan III İslam Həmrəyliyi Oyunlarını uğurla başa vurdu


İslam Həmrəyliyi Oyunlarının bayrağı İslamiada-2017-yə ev sahibliyi edəcək Azərbaycana təqdim olundu


Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyadanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunları başa çatıb. Yarışlarda 2500-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak edib.
Oyunlarda iştirak edən idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Sevindirici haldır ki, Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub. Yarışların nəticələrinə görə, I yeri 105 medalla (36 qızıl, 35 gümüş və 34 bürünc) ev sahibi İndoneziya tutub. II yerə 59 medalla (30 qızıl, 17 gümüş və 12 bürünc) İran, III yerə isə 85 medalla (26 qızıl, 28 gümüş və 31 bürünc) Misir komandası çıxıb.
Məlumat verdiyimiz kimi, oktyabrın 2-də İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimin sonunda Oyunların bayrağı təntənəli surətdə Azərbaycana verilib. Bayrağı Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti (İSSF) Navaf Faisal Bin Abdulaziz təqdim edib. Xatırladaq ki, bu il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi barədə qərar qəbul edilib.
III İslam Həmrəyliyi Oyunlarının keçirildiyi Palembanq şəhərində Aryaduta hotelində sentyabrın 25-də "Azərbaycan günü” təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videomüraciəti səslənib. Videomüraciətdə Azərbaycanın İslam Həmrəyli Oyunlarına güclü dəstək verdiyini diqqətə çatdıran dövlətimizin başçısı: "Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meyilləri tam dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaqdır”, - deyə vurğulayıb.