Qazanılan medallarda “Neftçi” İSM-in də payı var

Qazanılan medallarda “Neftçi” İSM-in də payı var

Sentyabrın 22-də İndoneziyanın Palembanq şəhərində start götürən III İslam Həmrəyliyi Oyunlarına oktyabrın 2-də yekun vurulub. Yarışda 9 idman növü üzrə təmsil olunan Azərbaycan komandasının üzvləri mübarizələrdə göstərdikləri əzmkarlıq sayəsində İslamiadanın 24 medalına sahib olublar (6 qızıl, 9 gümüş və 9 bürünc). Ümumi medal sayına görə ölkəmiz iştirakçı ölkələr arasında 8-ci yeri tutub.

Təqdirəlayiq haldır ki, Azərbaycan idmançılarının bu yarışlarda əldə etdikləri 24 medaldan 4-ü məhz "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin payına düşür. Belə ki, mərkəzin yetirmələrindən Boris Kirillov üzgüçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz İntiqam Zairov ağırlıqqaldırmada 94 kq çəki dərəcəsində çıxış edən atletlər arasında gümüş medala layiq görülüb. Taekvondo yarışlarında xanım idmançıların mübarizəsində Günay Ağakişiyeva (57 kq) yalnız final mərhələsində məğlubiyyətə uğrayıb və yarışlarda 2-ci yeri tutub. Digər təmsilçimiz Mikayıl Əliyev (54 kq) isə İslam Həmrəyliyi Oyunlarını 3-cü yerdə başa vurub.
Tofiq Ataxanoğlu,
"Neftçi” İSM-in mətbuat
xidmətinin rəhbəri,
əməkdar jurnalist